İlham Əliyev vurğulayıb ki, həmin vaxt Xəzər dənizi ilk dəfə Amerika və Avropa neft şirkətlərinin cəlb olunduğu əraziyə çevrilib: “Bizim üçün sonra enerji təhlükəsizliyi və enerji siyasəti modernləşmə, şaxələndirmə və infrastruktura investisiya qoymaq üçün yol oldu. Çünki biz neft satışından əldə etdiyimiz gəliri bir fondda topladıq və neft asılılığını azaltmaq üçün infrastruktura yatırdıq. Bu gün diversifikasiya siyasəti nəticəsində bizim ÜDM-in 70 faizi artıq qeyri-neft sektorunun payına düşür. Əlbəttə ki, biz ixrac baxımından neft qiymətlərindən asılıyıq. Neft və qaz ixracı 90 faiz təşkil edir. Hazırda neft və qazdan asılılığı azaltmaq üçün özəlləşdirmə, iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin inkişafı da daxil olmaqla geniş miqyaslı islahatlar aparırıq. Eyni zamanda neft qiymətinin düşməsi bizə texnologiyaya, kənd təsərrüfatına, qeyri-neft sektoruna daha çox yatırım etmək üçün imkanı verdi. Əminəm ki, Azərbaycan yaxın illərdə neft və qaz qiymətlərindən asılılığı tamamilə aradan qaldıracaq. Əvvəl də dediyim kimi, Azərbaycanın post-neft dövrü artıq başlayıb. Ona görə də, biz dünya bazarında tək neft və qaz satan ölkə kimi deyil, başqa məhsullar satan ölkə kimi də özümüzü tapmalıyıq”.
“Əlbəttə neftin qiymətinin düşməsi bizim gəlirlərimizə təsir edəcək. Amma, eyni zamanda, bizi islahatlar keçirməyə daha çox sövq edəcək. Düşünürəm ki, Azərbaycanın gələcək inkişafı neft qiymətlərinin düşməsindən və ya istehsalın həcmindən asılı olmayacaq. Bu gün biz Cənub Qaz Dəhlizi layihəsini həyata keçiririk. Bu 10 minlərlə əlavə iş yerləri yaradacaq. Bu layihə həmçinin Avropaya diversifikasiya imkanı verəcək. Bununla yanaşı, Avropa əlavə təbii qaz həcmi əldə edəcək. Bu layihə, enerji təhlükəsizliyi, nəinki marşrutların, həm də mənbələrin diversifikasiyası, həmçinin istehsalçı, tranzit və idxalçı ölkəyə fayda verəcək layihədir", deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, ən böyük investisiya layihələri, o cümlədən, enerji layihələri Azərbaycanın və tərəfdaşlarının öz resursları sayəsində həyata keçirilir: “Ona görə də biz hər hansı əsaslı maliyyə yardımı gözləmirik. Nəzərə alsaq ki, bu müddət ərzində Azərbaycan əsaslı maliyyə resursları toplayıb, hətta neftin qiymətinin kəskin düşməsi bizim iqtisadiyyatımıza təsir edə bilməz. Ötən il biz ÜDM-də 1 faizdən artıq artım və qeyri-neft sektorunda 8 faizdən artıq artım əldə etdik. Bu iqtisadiyyatın şaxələndirməsi və qeyri-neft sektoruna qoyulan vəsait sayəsində baş verdi. Təbii ki, regiondakı ümumi vəziyyət də bizim üçün vacibdir. Dayanıqlı inkişaf bizim məqsəd və hədəfimizdir. İqlim təhlükəsizliyinə gəldikdə isə, bayaq dediyim kimi, bizim Kioto protokolu qarşısında öhdəliyimiz yoxdur. Lakin bizim iqtisadi siyasətimiz, alternativ enerji mənbələrinə investisiyamız, 10-dan artıq hidroelektrik stansiyalarının tikilməsi, bizim bu sahədəki töhfələrimizin göstəricisidir. Əgər biz bu gün tərəfdaşlarımızla birlikdə neft və qaza investisiya qoymasaydıq, bu gün bizim elektrik stansiyalarımız, Sovet dövründəki kimi, mazut yandırmaqla istismar olunardı. Bu gün bizim bütün elektrik stansiyalarımız təbii qaz və ya su ilə işləyir. Bu neft və qaz sahəsinə edilən yatırım sayəsində oldu ki, nəticədə, karbon qazı tullantıları azaldı. Bunlar hamısı bir-biri ilə bağlıdır”.
Modern.az