Modern.az

Bakıda Novruz şənliklərinin rəsmi proqramı hazırlanıb

Bakıda Novruz şənliklərinin rəsmi proqramı hazırlanıb

18 Fevral 2016, 12:56

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda Novruz bayramına rəsmi səviyyədə hazırlıq barədə məlumat verib. O, Mədəniyyət və Turizm Nazirliyinin bununla bağlı ənənəvi bayram proqramı hazırladığını deyib.

Modern.az xəbər verir ki, nazir müavininin sözlərinə görə, Novruz bayramının bu il də böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı hazırlanıb, əlaqədar təşkilatlara və şəxslərə tapşırıqlar verilib.

“Martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq işləri sürətlə aparılır. Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır”.

Ədalət Vəliyev Novruz personajlarının hazırlıq işlərinə də toxunaraq bildirib ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Nazir müavini bildirib ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupları, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.

Novruz şölənində bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim olunacaq. Mərasimdə çıxış edəcək muğam ifaçıları və aşıqlar, həmçinin digər musiqi qrupları da müəyyənləşib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?