Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə “Ayna-Zerkalo”nun sabiq əməkdaşı Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə ilkin hazırlıq iclası keçirilib.
Bu haqda Modern.az saytına məlumat verən vəkil Fuad Ağayev bildirib ki, qaldırılan vəsatətlərin heç biri təmin olunmayıb:
“Apelyasiya baxışı martın 3-nə təyin olunub. Qeyd olundu ki, məhkəmə istintaqı olmadan keçiriləcək. Biz məsələ qaldırmışdıq ki, işə əlavə edilən bir sıra sübutlar çıxarılsın, digərləri əlavə edilsin.
Yəni, məhkəmə istintaqı təzələnsin. Apelyasiya Məhkəməsindən bildirildi ki, istintaq yenilənməyəcək. Apelyasiya baxışı başlanandan sonra kollegiyanın qərarından asılı olaraq istintaq təzələnə bilər”.
R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.
Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Hökmdən apelyasiya şikayəti verilib, şikayətdə jurnalistə bəraət verilməsi xahiş olunur.
Gülşən Raufqızı