Dağlıq Qarabağın ən qədim kəndlərindən biri olan Qaradağlının işğalından 24 il ötməsinə baxmayaraq, mən və mənim həmkəndlilərim həmin müdhiş faciəni hər gün xatırlayır və sanki bir daha yaşayırıq. İtkilərimiz nə qədər böyük, yaşadıqlarımız nə qədər ağrılı, acılı olsada belə öz doğma evləri, ata- baba torpaqları uğrunda sonadək mübarizə aparmış qəhrəman həmkəndlilərimin igidliyi bizim üçün hər zaman, bir təsəlli və qürur mənbəyidir.
Ermənistanın Azərbaycana əsasız ərazi, torpaq iddiası ilə başlanan Dağlıq Qarabağ müharibəsinin ilk günlərindən hadisələrin mərkəzində olan Qaradağlı kəndi hər tərəfdən erməni yaşayış məntəqələri ilə əhatə olunmasına baxmayaraq dörd il müddətində düşmənlə təkbaşına mübarizə aparmış, onlara layiqli müqavimət göstərib.
Bu bir həqiqətdir ki, hadisələrin ilk günlərindən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar o vaxtki rəhbərliyin məsələlərə laqeyd münasibəti nəticəsində demək olar ki, taleyin ümidinə buraxılıblar.
Tam əminliklə qeyd edərdim ki, həmin vaxt bu insanların maddi, fiziki köməkdən çox mənəvi dəstəyə, dayağa eytiyacları var idi. Çünki, itkilər verməsinə, mərhumiyyətlər yaşamasına baxmayaraq Qaradağlı qarışıq bütün kəndlərimiz mərdliklə döyüşür, mübarizə aparırdılar.
Sadəcə bu insanların yanında olmaq, onların harayına səs verməklə bu qanlı mücadilədə tək olmadıqlarını bildirmək yetərdi.
Əlbətdə ürəyi Qarabağla döyünən, El-Vətən namusu çəkən igid soydaşlarımız zaman- zaman ən qızğın döyüşlərin getdiyi bölgələrə, o cümlədən bizim Qaradağlı kəndinə gəlirdilər, onlar bu gəlişləri ilə yerli sakinlərə həqiqətən yeni ruh və əzm gətirmiş olurdular. Bu sıradan Bakı şəhəri, Səbail rayon ictimaiyyət nümayəndələrini, Ağdam rayon polis şöbəsinin əməkdaşlarını, XTMD-nin döyüşçülərini, sonrakı dövrlərdə isə Milli Ordudan olan könüllüləri hər zaman böyük ehtiramla yad edirik.
Həmin insanlar isə hər zaman o tarixi anları fəxrlə xatırlayır, həyatlarının ən unudulmaz və şərəfli günləri hesab edirlər.
1991-ci ildə mən Xocavənd ərazi İK sədrinin müavini vəzifəsində çalışırdım.Azərbaycanlı yaşayış məntəqələrinin müdafiə olunması üçün çalışır və bu məqsədlə bütün vasitələrdən istifadə etməyə çalışırdıq.
Oktyabr ayında kəndin müdafiəçilərinə kömək etmək üçün həmin vaxt Xocavənd Ərazi İcrayyə Komitəsinin sədri Rəhman Rəhmanov və Muğanlı kənd Sovetinin sədri Eyvaz Hüseynovun təşəbbüsü ilə rayonun Muğanlı, Əmirallar və Kuropatkin kənd sakinlərindən ibarət bir qrup döyüşçünün mənimlə birlikdə Qaradağlıya gəlmələrini yaxşı xatırlayıram.
Muğanlı kənd sovetinin sədri və özünümüdafiə dəstəsinin rəhbəri Eyvaz Hüseynovun (hazırda Xocavənd Rayon İcra Hakimiyyətinin başçısıdır) başçılıq etdiyi həmin dəstəyə Muğanlı özünümüdafiə dəstəsinin üzvüləri Quliyev Aslan, Hüseynov İbad, Namazov Elxan və Məhərrəmov Qalib, Əmirallar kəndindən, kənddə fəaliyyət göstərən tikiş sexinin direktoru Hüsən Rəhmanov, orta məktəbin müəllimi Aftandil Həsənov, polis işçiləri Mustafayev Rafiq və Bəhrəmov Fedya, Kuropatkin kəndindən isə polis
işçiləri Məmmədov Sərdar və Hüseynov Arif daxil idi. Həmin dövrdə bu kəndlərin özündə vəziyyət bir o qədər də ürəkaçan deyildi və ermənilər tərəfdən hücumlara məruz qalırdılar, lakin buna baxmayaraq bu cəsur insanlar könüllü olaraq Qaradağlıya getməyə, daha çətin və təhlükəli şəraitdə olan soydaşlarımızla bir yerdə olmağa qərar vermişdilər.
1991- ci ilin oktyabr ayının ortalarinda biz Qaradağlıya getmək üçün Ağdam aeroportuna gəldik.
Günün ikinci yarısında, təxminən saat 16 radələrində Xocavənd Ərazi İcrayyə Komitəsinin sədri Rəhman Rəhmanov və əslən Qaradağlıdan olan fəal Hüseynov Ələsgərlə sağollaşıb vertalyota əyləşdik. Ağdamdan – Qaradağlıya 15-20 dəqiqəlik bir uçuş müddəti olmasına baxmayaraq, bu marşurut hər zaman çox təhlükəli idi. Belə ki, Ağdamdan Xocavənd istiqamətində hərəkət edən bütün vertalyotlar Qarakənd, eləcədə digər erməni yaşayış məntəqələrində yuva salmış silahlı quldurlar tərəfindən atəşə məruz qalırdılar. Bizim uçduğumuz vertolyotda da istisna olunmadı və biz Qarakənd istiqamətindən güclü atəşə tutulsaq da xoşbəxtlikdən hər şey bizim üçün yaxşı qurtardıı. Qeyd etdiyim kimi təxminən 15 dəqiqədən sonra artıq biz Qaradağlıdaydıq. Burada bizi Qaradağlı kənd Sovetinin sədri Cavay Hüseynov və xeyli sayda kənd sakinləri böyük ruh yüksəkliyi ilə qarşıladılar.
Bir neçə saatdan sonra isə artıq köməyə gəlmiş dəstə üzvülərinin yer aldığı döyüş postları, eyni zamanda yerləşəcəyi evlər müəyyən edilmişdi. Belə ki, kənd sakini Mustafayev Mamedin evində yerləşən Muğanlı kənd özünümüdafiə dəstəsindən olan 5 nəfərlik qrup kəndin cənub-qərbində Kəndxord istiqamətindəki postda, kənd sakini Doluxanov Əvəzin evində yerləşən Əmirallar və Kuropatkin sakinlərindən ibarət 5 nəfərdən ibarət qrup isə kəndin şimalında, Qağarza kəndi istiqamətində olan postlarda mövqe tutdular.Muğanli özünümüdafiə dəstəsində 2 ədəd avtomat (AK-76 və AKM-74) və 3 ədəd TOS-8 ,Əmirallar sakinlərində 4 ədəd beşaçılan, Kuropatkin sakinlərində isə 2 ədəd beşaçılan silahları var idi.
İlk növbədə mövqelərin möhkəmləndirilməsi, postların daha eytibarlı mühafizə olunması işlərinin təşkili olduqca zəruri məsələ idi. Bunun üçün kolxoz sədri Novruz Hüseynovdan boş kisələr götürüldü və həmin kisələr torpaqla doldurularaq səngərlərin qarşısına əlavə sipər kimi düzüldü. Bundan başqa postlar arasında əlaqə və bu kimi digər zəruri işlər həyata keçirildi. Kənd özünümüdafiə qüvvələri ilə çiyin – çiyinə döyüşən dəstə üzvülərinin demək olarki hamısı lap əvvəllərdən kənd sakinləri ilə bir- birilərini yaxından tanımaları, eyni zamanda onları birləşdirən bir amal və eyni məqsəd tezliklə onlar arasında sıx ünsiyyətin yaranmasına, gələcəkdə uzun müddət davam edəcək dostluq əlaqələrinin qurulmasına əsaslı bir zəmin yaradırdı. Aradabir vaxt tapıb Qaradağlı kənd məktəbinin idman zalında, əvvəlki illərdə bir ənənə halını almış kəndlər arası (təbii ki, Muğanlı Əmirallar və Kuropatkin kəndlərindən olan qrup üzvülərindən bir komanda yaradılmaqla) voleybol yarışı keçirməyə də imkan tapan döyüşçülər sanki bunulada düşmənə meydan oxuyurdular. Onuda qeyd edimki voleyboy yarişinda əvvəlki illərdə oldugu kimi Qaradağlı kəndinin komandası qalib gəldi.
Ümimiyyətlə Qaradağlı kəndində voleybol çox güclü inkişaf etmişdi və kəndin komandası rayon və vilayət birinciliklərində həmişə fərqləniridi. 19 noyabr 1991-ci ildə rayonun eyni adlı Xocavənd kəndi ermənilər tərəfindən işğal olunduqdan sonra Qaradağlı tamamilə mühasirə vəziyyətinə düşdü. Artıq kəndlə əlaqə yalnız vertolyotlar vasitəsilə mümkün idi. Bütün bunlara baxmayaraq kənd sakinləri düşmənin çoxsaylı hücumlarının qarşısını layiqincə alır, eyni zamanda ona güclü zərbələr vururdular. Artıq real vəziyyət kənddə olan qızların,qadınların və uşaqların çıxarılmasını diqtə edirdi və nə qədər çətin olsada biz bu işləri həyata keçirmək məcburiyyətində idik. Belə ki, həmin dövrə kimi erməni quldurlarının hücumları və törətmiş olduqları terror aktları nəticəsində 17 nəfər dinc kənd sakinləri qətlə yetirilmişdilər.
Mühasirə şəratində olan Qaradağlıya heç bir hərbi köməyin olmaması, ətrafdakı postlara ermənilərin yeni qüvvələr, peşəkar terrorçu dəstələr gətirmələri isə ötən hər gün qüvvələr balansının daha da dərinləşməsinə, ermənilərin xeyrinə dəyişməsinə şərait yaratmışdı. Lakin kəndin müdafiəçiləri öz doğma evlərini, ocaqlarını sonadək qorumaqda israrlı idilər.
1992- ci ilin yanvar ayı. Artıq neçə aydan bəri davam edən mühasirə şəraiti davam edir. Kənd özünümüdafiə qüvvələrinin əzmini qıra bilməyən erməni quldurları daha da azğınlaşır, quduz hikkələrini dinc sakinləri qətlə yetirməklə soyutmağa çalışırdılar. Belə ki, yanvar ayının 8-də səksən yaşlı kənd sakini ermənilər tərəfindən qətlə yetirildi.
Elə həmin gün namərd gülləsi könüllü olaraq özünümüdafiə dəstəsinə köməyə gəlmiş igid bir soydaşımızın həyatına son qoydu.
1992- ci ilin fevral ayının 14 –dən başlayaraq ermənilərin hücumları daha intensiv xarakter almağa başladı. Artıq məlum idi ki, ermənilər kəndi götürmək üçün qəti hərəkətə keçiblər. Fevral ayının 17 nə kimi davam edən qeyri bərabər döyüşdə 9 nəfərini itirən kənd sakinləri silah sursatın tükənməzi səbəbindən ermənilər tərəfindən girov götürüldülər və əsil faciə də bundan sonra başlandı. Belə ki, kənd sakinlərindən 32 nəfər ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi.
Əsirlikdə olarkən döyülmələr və qeyri insani davranışlar səbəbindən 8 nəfər kənd sakini dünyasını dəyişdi. Beş nəfərin taleyi isə hələdə nəmalum olaraq qalır.
Bütün itkilərə, məruz qalmış olduğu soyqırımı və faciələrə baxmayaraq Qaradağlı mübarizənin, əzm və əyilməzliyin timsalı kimi hər zaman Azərbaycan tarixində qalacaq.
Bəli bu bizim yaşadığımız bir zaman, yadaşlarımızdan silinməyəcək tarixi anlardır. Bu anların digər yaşadıqlarımzdan fərqi və özəlliyi isə ondan ibarətdir ki, üstündən 24 il ötməsinə baxmayaraq həmin tarixləri şərəflə anır, qürurla xatırlayırıq.
Ruslan Şirinov
Qaradağlı kənd sakini, müharibə veteranı,
1991- ci ildə Xocavənd Ərazi İcrayə Komitəsi sədrinin müavini işləyib