117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Millət vəkili, Ailə, Qadın və uşaq məsələləri üzrə komitə sədri Aqiyə Naxçıvanlı Oğuz Rayon İcra Hakimiyyətinin “2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr”ə həsr olunan geniş şura iclasında iştirak edib. Modern.az saytı xəbər verir ki, iclasda çıxış edən komitə sədri Oğuz rayonunda aparılan işlər haqqında danışıb. Qısa müddətdə kəndlərimizdə qazlaşmanın aparılması, içməli su təchizatının, yol infrastrukturunun bərpası rayonumuzda ciddi hiss olunur. Bu ondan xəbər verir ki, dövlət tərəfindən heç bir sosial layihənin icrası dayandırılmayıb.
Aqiyə Naxçıvanlı çıxışında Oğuzda sahibkarlığın inkişafı, işsizliyin aradan qaldırılması yollarından danışıb. O, Oğuzun kənd təsərrüfatı rayonu olduğunu vurğulayaraq burada ənənəvi sahələrin: tütünçülük, baramaçılıq, toxuculuq, bitkiçilik, heyvandarlıq məhsulları istehsalının daha da artırılmasının vacibliyini qeyd edib.
Millət vəkili Oğuzda turizmin inkişafı üçün çox münbit şərait olduğu, fəaliyyətin bu sahəsinin xüsusilə kənd turizminə yönlədilməsinin məqsədəuyğun olduğunu bildirib. Əlavə olaraq rayon ərazisində qeydiyyata alınan 32 tarixi abidənin bərpası və qorunması üçün yuxarı orqanlarla işlərin mütəmadi aparılmasının vacibliyini qeyd edib.
Gənclərin peşə seçimi və asudə vaxtlarının səmərəli keçirilməsi, İdman kompleksinin fəaliyyəti, səhiyyə və digər əhəmiyyətli sahələrin işləri barəsində öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Modern.az