Modern.az

Bakıda polisin maşınını əzən "çəkicli adam" 4 aylığa həbs olundu - VİDEO

Bakıda polisin maşınını əzən "çəkicli adam" 4 aylığa həbs olundu - VİDEO

20 Fevral 2016, 12:16


Bakıda yol polisi avtomobilini çəkiclə əzən şəxs məhkəmə qarşısına çıxarılıb.

Modern.az saytı APA-ya istinadən xəbər verir ki, Şahin Bəylərov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə fevralın 17-də saat 14.15 radələrində Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb. Ş. Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə yol polisi avtomobilinə 30 min manat ziyan dəyib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə olan heroin aşkarlanıb.

Hadisəni törədən Bəylərov Şahin Mail oğlu 1974-cü ildə Laçın rayonunda anadan olub və Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayırmış. Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.

Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.

Onun hadisədən öncə yol polisi ilə aralarında ciddi mübahisə baş verdiyi bildirilir...



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu