“Ölkə başçısı tərəfindən mənə böyük etimad göstərildi. Bu etimad mənim üçün ciddi bir məsuliyyət yaradır. Əsas məsələ bu etimadı doğrultmaqdır. Öz bilik və bacarığım, fəaliyyətimlə əfv məsələlərində iştirak etməyə çalışacam. Əfv proseslərində iştirak etməklə mənə verilmiş böyük etimadı doğrultmalı, səy, qüvvə və bacarıqlarımı artırmalıyam”.
Bu sözləri Modern.az saytına “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinə daxil edilməsindən danışarkən deyib.
Hüquqşünas bildirib ki, gələn ay Əfv Komissiyasının iclasları keçirilə bilər. Həmçinin mart ayında Novruz bayramı münasibətilə əfv sərəncamının olması da gözlənilir:
“Əfv Komissiyasının iclasları komissiyanın əsasnaməsi ilə sədr tərəfindən çağırılır. Qarşıdan gələn ayda komissiyanın iclasları olacaq.
Cənab prezident Novruz bayramı ilə yanaşı, hər il Azərbaycanın həyatındakı mühüm tarixlərdə əfv sərəncamları imzalayıb. Bu ilin Novruz bayramında da əfv sərəncamı verilə bilər. Amma bu, birbaşa olaraq cənab prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir. Bu barədə mən hər hansı bir məlumata malik deyiləm. Amma güman edirəm ki, istisna olmayacaq. Çünki cənab prezident hər zaman insanların azadlığa çıxmasına şərait yaradıb”.
Ə.Nuriyevin sözlərinə görə, Əfv Komissiyası prezidentin əfvlə bağlı səlahiyyətlərinin həyata keçirilməsi prosesində mühüm alətdir.
“Burada məhkumlarla bağlı müraciətlərə baxılır, müvafiq rəy hazırlanaraq qərarlar qəbul edilir və cənab prezident tərəfindən də həmin rəy və qərarlar ya təsdiq edilə bilər, ya da edilə bilməz. Ona görə də bu qərarların hazırlanmasında çox ciddi, peşəkar və məsuliyyətli olmaq lazımdır. Əfv komissiyasında həmişə yüksək səviyyəli dövlət və ictimai xadimlər təmsil olunublar.
Mənim əsas məqsədim o insanlardan öyrənməkdir. Düzdür, mənim məhkumlarla işləmək sahəsində müəyyən təcrübəm var. Ədliyyə Nazirliyində İctimai Komitənin üzvü olmuşam və hüquqşünasam. Amma bunlar hələ ki, mənim üçün yetərli deyil. Əfv Komissiyasında yetərincə peşəkar və öz işini bilən, yüksək məsuliyyətli, mühüm qərar qəbul edən insanlar var. Mən onların yanında olmaqla onlardan öyrənəcəm”.
Ağa AKİFOĞLU