“Mən əminəm ki, əgər ölkədə real və həqiqi seçkilər keçirilərsə, REAL - Respublikaçı Alternativ Hərəkatı ənənəvi müxalifətdən artıq səs toplayar. Bu günün perspektivi REAL və onun kimi yeni yaranan, gənclərin toplaşdığı təşkilatların fonunda üzə çıxacaq”.
Bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov Modern.az saytına açıqlamasında söyləyib.
Aslan İsmayılov bildirib ki, bu gün gənclərin simpatiyası yalnız təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı deyil:
“Bu gün gənclərin REAL təşkilatına meyllənməsi yalnız İlqar Məmmədovla bağlı deyil. Yəni bu istək təşkilata toplanmış insanlarla bağlıdır. Bu, bir nəfər yaxud beş nəfərlə bağlı deyil. REAL-da bu gün liderlər çoxdur. Altay Göyüşov, Natiq Cəfərli, Erkin Qədirli, Azər Qasımov və adını çəkmədiyim bir çoxları”.
Aslan İsmayılov İlqar Məmmədovun adının təşkilatın fonunda daha çox hallanmasını onun bu gün həbsdə olması ilə əlaqələndirir:
“Sadəcə bu gün İlqar Məmmədov həbsdə olduğuna görə onun adı daha çox hallanır. Ona görə bu gün Azərbaycan gəncliyinin REAL hərəkatına və REAL-ın lideri İlqar Məmmədova münasibətini tək İlqar Məmmədov fenomeni, yaxud onun şəxsiyyəti ilə əlaqələndirmək olmaz.
Adlarını çəkdiyim şəxslərin hər birinin REAL-da ayrılıqda əziyyətləri və xidmətləri var. Ona görə də bu gün onlar gənclər tərəfindən qəbul edilir. Yəni REAL-a olan simpatiya o təşkilatın ümumən üzvlərinə olan müsbət münasibətdən irəli gəlir. REAL-ın uğuru ondadır ki, onlar bir lider ətrafında deyil, bir ideya ətrafında toplaşıblar.
Amma bununla belə, ənənəvi müxalifətin üstündən xətt çəkib atmaq olmaz. Onların da cəmiyyətdə müəyyən rolu var”.
Ağa AKİFOĞLU