Modern.az

“Büdcədə sosial müdafiə xərcləri artırılıb” - Milli Məclisdə MÜZAKİRƏ

“Büdcədə sosial müdafiə xərcləri artırılıb” - Milli Məclisdə MÜZAKİRƏ

20 Fevral 2016, 15:55

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.

Modern.az xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli dövlət büdcəsinin yeni variantında sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclərin 2 milyard 698.8 milyon manat təşkil etdiyini bildirib.

“Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artırıldığı halda, bu sahə üzrə olan artım 42.3 faizdir. Bu o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir”.

Qeyd edilib ki, neftin qiymətinin kəskin aşağı enmə faktorları nəzərə alınaraq, xam neftin bir barrel üçün müəyyən edilmiş satış qiyməti təsdiq olunmuş proqnoza nisbətən iki dəfə aşağı endirilərək 25 ABŞ dolları, manatın 1 ABŞ dollarına nisbətən məzənnəsi isə orta illik olaraq 1.62 AZN götürülüb. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılıb ki, bu da təsdiq olunmuş müvafiq göstərici ilə müqayisədə 2 milyard 256 milyon manat və ya 15.5  faiz çoxdur. Qanun layihəsində dövlət büdcəsinin xərclərinin isə 2 milyard 231 milyon manat artırılaraq 18 milyard 495 milyon manata  çatdırılması öz əksini tapıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsində edilən dəyişikliklərin zərurəti dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlıdır. Bu dəyişiklik Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir.

İclasda  Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib.

“Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82.8 milyon manatının və ya 36.2 faizinin məcburi dövlət sosial sığorta aktları hesabına,  146 milyon manatı və ya 63.8 faizinin isə dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin edilməsi nəzərdə tutulur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239  milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.6 faiz və ya 227.8 milyon manat artıqdır. Əmək pensiyaları ödənişi xərcləri 3 milyard 136.1 milyon manat olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7.3 faiz və ya 212.5 milyon manat çoxdur”. 

Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, İqtisadiyyat Nazirliyinin və müvafiq qurumların nümayəndələri, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Yaqub Mahmudov, Araz Əlizadə və Rauf Əliyev büdcə layihəsi barədə fikirlərini bildiriblər.

İclasın sonunda gündəlikdəki hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu