Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Əfv Komissiyasının yeni tərkibini təsdiq edib. Yeni tərkibdə əvvəllər də komissiyanın üzvü olmuş millət vəkili Elmira Axundova da var. «Cənab Prezidentin Əfv Komissiyasının tərkibinin təsdiq olunması barədə sərəncamla məni yenidən ölkənin bu vacib Komissiyasına üzv təyin etməsi mənə qarşı böyük etimad və dəyərdir».
Deputat Ucnoqta.az-a açıqlamasında bildirib ki, hər zaman ölkə rəhbərliyinin göstərdiyi ehtiramı doğrultmağa, xalqın ləyaqətlə təmsil olunması, onun adının ucaldılması, dövlət maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır:
«Onu da bildirim ki, mən 1995-ci ildə ilk dəfə bu Komissiyanın tərkibinə mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin göstərişi ilə təyin olunmuşam. Keçən 20 il ərzində Komissiyanın tərkibi bir neçə dəfə dəyişilib, bəzi həmkarlarımız dünyadan köçüb, bəziləri yeni vəzifələrinə görə Komissiyanı tərk ediblər. Bu müddət ərzində komissiyanın bütün üzvləri can-başla Əfv Komissiyasının işində iştirak ediblər. Prezidentin yürütdüyü humanist siyasəti nəticəsində on minlərlə məhkum vaxtından əvvəl ailələrinə qovuşub. Azadlığa çıxan həmin şəxslərin çox az qismi yenidən cinayət törədib. Böyük əksəriyyət bir daha həbs həyatı yaşamayıb. Bu da Komissiya üzvlərinin diqqətindən, işlərinə qarşı həssas münasibətindən, əfv məsələlərinin şəffavlıq əsasında həyata keçirilməsindən irəli gəlməkdədir. Komissiyanın yeni tərkibində eyni enerji, aktivliyi və prinsipiallığı ilə işləməyə çalışacağam».
O ki qaldı Novruz bayramı ərəfəsində növbəti əfv fərmanın olub-olmayacağına, Elmira Axundova bildirib ki, hələ nəsə demək çətindir: «Bu, Komissiya sədri və cənab Prezidentdən asılıdır. Lakin bizdə xoş ənənə yaranıb ki, böyük bayramlar ərəfəsində əfv fərmanı imzalanır. Ona görə də, çox böyük ehtimalla biz yaxın gələcəkdə iclaslarımızı başlayacağıq».
Modern.az