Cəmiyyətin hər sahəsində, hər təbəqəsində mütləq əks qütblər olur. Çünki həyat fəlsəfəsi bu əksliklər üzərində qurulub. Lakin gərəkdir ki, bu qütblər də ədalətli olaraq biri-birinə qarşı dursunlar. Son günlər mediada olan bir mübahisə məni çox narahat etdi və özümü bu yazını yazmağa məcbur hiss etdim.
5-6 gün bundan əvvəl Qulu Məhərrəmlinin moderator.az saytına verdiyi bir müsahibəni oxudum. Qulu müəllimin hər zamanki nitqi kimi bu müsahibəsi də bəyənilən bir yazı idi. Müsahibənin qalmaqal yaradan hissəsi isə Azərbaycan Televiziyasının (AzTv) Arif Alışanovun sədrliyi və bu dövrdəki inkişafı ilə bağlı olub. AzTv media qurumlarının arasında texniki vəsaitinə görə ən güclüsü olsa da, yayım keyfiyyətindəki bəzi qüsurlar göz qabağındadır. Nə isə, iki ildir ki, jurnalistika sahəsindəyəm, tələbə-jurnalist kimi fəaliyyət göstərirəm, lakin bu yazımın məqsədi, qətiyyən, AzTv ilə bağlı tənqid yazmaq deyil. Bu yazını, sadəcə, Qulu müəllimin tələbəsi kimi yazıram.
Qulu Məhərrəmli bizə III kursda televiziya jurnalistikasının əsaslarından mühazirə deyib. Amma mən və bir çox qrup yoldaşım onu hələ I kursdan tanıyırdıq. Qulu müəllimin adını hələ I kursun ilk seminarından eşitmişdim: təcrübəli və peşəkar jurnalistlərdən söz düşəndə müəllimimiz Qulu Məhərrəmlinin adını çəkmişdi. Daha sonra fakültədəki ilk dərs ilinin sonunda tədris təcrübə üçün müəyyən KİV-lərə göndərildik. Universitetdən çıxanda mən və bir neçə qrup yoldaşım Qulu müəllimlə qarşılaşdıq. Onların müəllimlə rəsmi tanışlığı olsa da, mən onunla ilk dəfə dialoqa girirdim. Elə Qulu Məhərrəmli də yadımda ən gözəl olaraq o söhbətlə qaldı:
-Qulu müəllim: Salamlar olsun. Hara belə?
-Biz: Təcrübəyə gedirik.
-Qulu müəllim: Əla. Jurnalistika sahəsində təcrübə çox önəmlidir. Mütləq gedin və əmin olun ki, bu təcrübədən nəsə öyrənəcəksiniz. Ən azından redaksiyalarda gözəl, pürrəngi çay dəmləməyi öyrənəcəksiniz...
Qulu müəllimin bu cümləsinə xeyli gülmüşdük, amma təcrübələrin başlanmasından sonra gördük ki, bu reallıqdır. Vicdanla doğrunu deyim ki, mən və bəzi qrup yoldaşlarımın düşdüyü təcrübə müəssisəsi olan Gənclərin Səsi Radiosunda (GSR) çay dəmləməyi yox, əsl jurnalistikanı öyrəndik. Fəqət digər KİV-lərə düşənlərin qisməti bu qədər gözəl olmadı, hətta “çay dəmləməyi” öyrənə bilməyənlər də, daha doğrusu, öyrədilməyənlər də çox oldu.
Elə təcrübə müddətində də ilk reportajımı hazırlayırdım. Mövzum Azərbaycan teleməkanında uşaq kanallarının olmamağı idi. Araşdırma, ekspress sorğu ilə yanaşı, bir neçə mütəxəssisin rəyi də lazım idi, təbii ki, biri də media eksperti olmalı idi. Təcrübə rəhbərimiz isə bunu eşidəndə bir kəlmə ilə “media eksperti? – Qulu Məhərrəmli, Zeynal Məmmədli” demişdi. Mən də təcrübədən əvvəlki maraqlı söhbəti xatırlayıb səhərisi gün redaksiya müdirinə media eksperti namizədimi dedim, o, da böyük məmnuniyyətlə qəbul edib, bu fikirimi çox bəyəndi. Yəni ki, Qulu müəllim haqqında peşəkarların dilindən mənfi bir şey eşitmək mümkün deyildi. Mövzu ilə bağlı müsahibə aldım, hətta yazının sərlövhəsinə Qulu müəllimin cümləsi çıxarıldı. Bu yazıdan sonrakı bütün müsahibələrim, araşdırmalarım, publisistik yazılarım haqqında onun rəyini öyrənir, məsləhətlər verməyini istəyir, ona oxutdurmadan keçmirdim. Elə bu gün də bu belədir. Televiziya jurnalistikasının əsasları dərsi də ən maraqla dinlədiyim dərslərdən biri olurdu. Qulu müəllim təkcə TV-nin nəzəriyyəsindən yox, medianın gündəmindən də xəbər verdiyi üçün xüsusi həvəslə dərsi dinləyənlər çox olurdu. Hətta onun auditoriyaya Ramiz Həsənoğlunu qonaq gətirməsi də bizim üçün böyük təcrübə olmuşdu.
Qulu Məhərrəmlinin A.Alışanov və AzTv-nin həmin dövrdəki inkişafı ilə bağlı suallara cavabına Rauf Rəcəbov adlı jurnalist yazı yazıb. Hər şeydən öncə yazının təhqirlərlə dolu olması nə qədər peşəkarcasınadır, bilmirəm. Bəlkə də mən hələ tələbəyəm deyə bu cür peşəkarlıqdan xəbərim yoxdur? Bundan əlavə yazıda “Həftə içi” qəzeti və “TV plus” jurnalında Qulu müəllimin AzTv-nin inkişafının yüksək olması ilə bağlı fikirlərinin yer aldığı göstərilib. Lakin Qulu Məhərrəmlinin həmin mətbu orqanlarındakı fikirlərindən ən yeni müsahibəsindəki fikirlərinə qədər müəyyən bir vaxt keçib. O vaxt olan bir şey, bəlkə də, bu gün yoxdur?
Diqqətimi çəkən və real olmadığına dəqiq olaraq əmin olduğum bir məsələ də var ki, bu, yazıdakı “bəlkə də tamasaçıların əksəriyyəti onun adını çoxdan unudub” cümləsi idi. Onu deyim ki, indiyə kimi istər qohum, istər qonşu, istər dost-tanış yanında “Qulu Məhərrəmli bizə dərs deyib” söylədiyim zaman hər kəs onu tanıyır, xüsusilə “Səhər” proqramından danışır.
Bir sözlə, Qulu Məhərrəmli Azərbaycan jurnalistikasının mütəxəssisi, peşəkarı, yolgöstərənlərindəndir. Çünki görünənə izah, sübut ehtiyac deyil. Bunu hamı bilir!
Nurlan Ağa
BDU jurnalistika fakültəsinin III kurs tələbəsi