Modern.az

Çıraq kimi kişi

Çıraq kimi kişi

23 Fevral 2016, 09:40

Mətin Mirzə,
Azərbaycanın Çindəki səfirliyinin müşaviri

İnsanın həyatı onun tərcümeyi-halıdır. Hörmətli Fəttah müəllim Heydərovun keçib gəldiyi şərəfli ömür yolu qrammatik cəhətdən səlis, cızma-qarasız yazılmış, bədii üslub baxımından məzmunlu, əhatəli, zəngin həyat yolu ilə dolğun olan tərcümeyi-hal kimidir.

Ocaqda ağsaqqal olmaq, ağsaqqal yaşına ucalmaq nə qədər şərəflidirsə, cəmiyyətdə ağsaqqal olmaq bir o qədər məsuliyyətli və çətin bir işdir.

Onun həyat yolu zəngindir, məzmunludur, oxunaqlı roman kimidir, dəfələrlə varaqlamaq istədiyin kitab kimidir. Gözəl həmsöhbətdir. Yaşından asılı olmayaraq insanı, qarşısındakını dinləmək səbri var. Dinləyib təsəlli vermək, mənəvi dayaq olmaq, atalar misalı ilə öyüd vermək, düz yola çəkmək, Allaha sığınmağı təlqin etmək böyüklüyü var. O qarşısındakının yaxşı keyfiyyətlərini qısqanmır, əksinə uca tutur, əl tutur, büdrəməyə qoymur, gələcəyə qanadlandırır, ruh verir, yeri gələndə ruha dəstək verir.

Günlərin biri Həzrəti Peyğəmbərdən soruşurlar:

-Ya Rəsülallah, insanların ən xeyirlisi kimdir?

Cavab gəlir-Ömrü uzun, əməli gözəl olandır.

Hörmətli Fəttah müəllim əməli gözəl, sözü bütöv olanlardandır. O dediyi sözün əsl mənada sahibi və əsgəridir. Əsgər vətənin keşiyində durduğu kimi, o da sözünün keşiyindədir. Sözünü əməliynən tamamlayanlardan, sözü hörmətə mindirənlərdəndir.



Mən 42 yaşıma qədər çox kişilər görmüşəm, sözü abırdan salanları da, sözünə sahib çıxmayanları da, sözdən qaçanları da, söz deməyə qorxanları da. Lakin Fəttah müəllim mənim bu yaşımda tapdığım sözümüzün ağsaqqalıdır, həm də atam Mikayıl Mirzənin dost yadigarıdır. Bu yadigarı ata əmanəti olaraq qorumaq bir oğul kimi mənim borcumdur. Və borc olaraq onu mətbuat vasitəsilə təbrik etmək qərarına gəldim.

Başında yetmişdən yuxarı ömrün çələngi,
Xəsyətdə uşaqsan, xislətdə dağsan.
Elə ömür yaşamısan ki,
Hələ bir elə də yaşayacaqsan.

Müstəqillik illərindən üzü bəri Azərbaycan gəncliyinin ağsaqqal sözünə, öyüdünə hər zaman ehtiyacı olub və bu gün də var. Böyük ədib Yusif Balasaqunlunun “Qutadqu bilik” əsərində deyildiyi kimi:
           
Kimlər dolandırar bəşəriyyəti,
O kəs ki, güclüdür sözü, sənəti.
Ən sərt düyünləri kim aça bilər-
Ağızlı kişilər, müdrik kişilər.
Kişi xoşqılıqlı, mülayim, mətin,
Çırağı olmalı mədəniyyətin.

Hörmətli ağsaqqal Fəttah müəllim, Siz böyüklüyün, sadəliyin, müdrikliyin, sədaqətliliyin, yaxşılığın çırağısınız. Tanrı biz gənclərə Sizi kimi çıraqlı kişiləri çox görməsin. Dua olmayan yerdə amin deyilməz, deyərlər. Sizə Allahdan can sağlığı dua edir, Amin deyirəm. Tanrı Azərbaycanımızın atası olan Heydər dühasının Sizin kimi insanların, ağsaqqalların timsalında təbliğ edilməsində yardımçı olsun. Yaşasın Ulu Öndərin layiqli yetirmələri, ideya davamçıları. Amin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu