“Burada bəzi deputat həmkarlarım Azərbaycanda iqtisadi böhranın olduğuna dair fikirlər səsləndirdilər. Bunlar tamamailə yanlış fikirlərdir”.
Modern.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında deyib.
O qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirlərdən ən uğurlu istifadə edən dövlətdir.
“Azərbaycan neft gəlirlərindən düzgün istifadə edərək həm sosial, həm də iqtisadi sahəsinin inkişaf etdirib. Bu müddət ərzində 3000-ə yaxın xəstəxana, 600 məktəb, çoxlu sayda idman kompleksləri tikilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, texnoparklar yaradılıb. Azərbaycan ən uğurlu sosial siyasət yürüdən bir ölkədir. Ölkə başçısı İlham Əliyev də çıxışlarında vurğuladı ki, sosial sahəyə ayrılan vəsaitlər artırılmalıdır. Ona görə də sosial sahədə artımlara şahidlik edirik”.
S.Novruzov qeyd edib ki, MDB-də sosial sahədə ən geniş islahatlar Azərbaycanda keçirilir.
“Amma bu sahədə müəyyən çətinliklər var. Düzgün verilməyən statistika nəticəsində Sosial Müdafiə Fondunun büdcəsində kəsirlər qeydə alınır. Hesab edirəm ki, bu məsələdə dəqiq statisika verilməlidir. İşsizlərin sayı dəqiq açıqlanmalıdır. İcra başçısının səsləndirdiyi rəqəmi yazıb göndərməklə heç nəyə nail ola bilməyəcəyik.
Son vaxtlar bəzi özəl və dövlət sektorlarında ixtisarlar gedir. Burada ilk növbədə Əfqanıstan və Qarabağ veteranları, şəhid ailələri üzvləri azad olunur. Bu hallara son qoyulnmalıdır. Çünki, bizim bu barədə qanunumuz var ki, müəssisə bağlanana kimi onlara dəymək olmaz”, - deyə S. Novruzov vurğulayıb.
Aytən Zəhra