“ABŞ səfiri öz məqaləsində Azərbaycan-Amerika münasibətlərinin normal inkişafda olduğunu, çoxşaxəli əməkdaşlığın və qarşılıqlı marağın mövcudluğunu izah edib”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın bir illik fəaliyyəti ilə bağlı yazdığı məqaləyə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan ABŞ-la birgə antiterror koalisiyasının çox fəal üzvlərindən biridir, təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq mövcuddur.
“Düşünürəm ki, bu əməkdaşlıq bir neçə sahədə həm Azərbaycan, həm ABŞ üçün qarşılıqlı maraqlarla bağlıdır. İstərdik ki, ABŞ bölgədə sülhün və əmin-amanlığın yaradılmağına ciddi dəstək versin. Bunun üçün də Ermənistanın apardığı siyasətə düzgün qiymət verilməlidir. Bu qiymət beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların təməl sənədlərinə uyğun olmalıdır. Çox təəssüf ki, Amerikada güclü və təşkilatlanmış erməni lobbisi, diaspor təşkilatı dövlətin siyasətinə öz mənfi təsirini göstərir. Hərdən ABŞ-da Azərbaycana qaşrı informasiya müharibəsini aparan ermənilər bizim münasibətlərimizə xələl gətirirlər. Lakin Amerika dövlətinin öz maraqları var və diasporun mənfi təsiri imkanları məhduddur”.
A.Mollazadə ABŞ səfirinin qeydlərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi kimi faktı yazmamasını kifayət qədər işləməməyimizlə əlaqələndirib.
“İstərdim ki, Amerika ştatlarında təməl səviyyəsindən başlayaraq ölkə ictimaiyyətinin diqqətini bu proseslərə cəlb edə bilək. Belədə ictimai təyziqlə səfir bu reallıqları qəbul etməyə məcbur olacaq.
Yaxşı haldır ki, müəyyən fəaliyyətin nəticəsində artıq Xocalı ilə bağlı qətnamələr qəbul olunub. Təqribən 20 ştatda Azərbaycanın ərazi bütövlüyü və Amerika-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı müvafiq sənədlər qəbul edilib. İstərdik belə ştatların sayı çox olsun. Hər bir ştatda, şəhərdə Amerika-Azərbaycan münasibətlərinə xidmət edən fəaliyyət qabarıq olsun. Amm çətindir, bizim diasporumuz yox vəziyyətdədir, ona görə həm də türk icmalarını bu işlərdə səfərbər etməliyik. Bu günlər Amerikada kifayət qədər güclü olan yəhudi icmasının da dəstəyi var. Çünki Azərbaycan-İsrail münasibətləri, Azərbaycanda yaşayan yəhudilər, Azərbaycanın multukultralist dəyərləri özü-özlüyündə yəhudi icmasını bu proseslərə cəlb edir. Güclü və yaxşı işləməkliyik ki, öz hüquqlarımızı dünyada müdafiə etməyə qadir olaq”.
Aytən Zəhra