Modern.az

Azərbaycan Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb

 Azərbaycan Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb

Təhsil

23 Fevral 2016, 20:59

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olub. Modern.az saytı xəbər verir ki, görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirilib. Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcəyi qeyd olunub.

Məlumata görə, İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə İran və Azərbaycan arasında yaxşı siyasi əlaqələrin və çoxlu bağların olduğunu, xüsusi ilə, iki xalqın dini və məzhəb oxşarlıqların olduğunu bildirib.

Ayətullah Xamenei görüşdə qeyd edib ki, İslam Respublikası Azərbaycan xalqını özünə qardaş, dostluq və qonşuluqdan daha yaxın hesab edir: “Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi sabitliyi bizim üçün çox önəmlidir. İki xalqın qarşılıqlı səmimi münasibəti var və bu hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın və iqtisadi dövriyyənin artmasına səbəb olmalıdır”.       

Ali rəhbər, İran və Azərbaycan xalqları arasında məzhəb bağlarının olduğunu vurğulayıb və bildirib ki, Azərbaycan xalqının islami inancları  dəyərli sərmayədir: “Təkfirçi qrupların  xalqlar arasında saldığı fitnələrin qarşısını islami dəyərlərin gücləndirilməsi ilə almaq olar. Azərbaycan dini baxımdan əsaslı köklərə bağlıdır, Azərbaycan böyük İslam alimlərinin vətənidir”.    

Görüşdə  Azərbaycan prezidenti İlham Əliyev Tehran və Bakı arasında əlaqələrin yaxın və  aparılan müzakirələrin hər iki ölkə  üçün  çox önəmli  olduğunu bildirib: “Azərbaycan və İran arasında dərin bağlar və müştərək tarix, din və mədəniyyət var”.

Prezident iki ölkə arasında ondan  çox əməkdaşlıq sazişinin imzalandığını və ikitərəfli əlaqələrin qardaşcasına və yüksək səviyyədə olduğunu bildirib: “Ticarət, nəqliyyat, enerji, sənaye sahəsində önəmli addımlar atılıb və birlikdə iki ölkənin əlaqələrinin bütün sahələrdə inkişaf etdirilməsi üçün çalışırıq”.    

Prezident Tehran və Bakının beynəlxalq məsələlərə dair baxışlarının bir olduğunu və İranın dünyada sülh və sabitliyin təmini sahəsində önəmli  rol oynadığını qeyd edib.    

İlham Əliyev  hər iki ölkə əleyhinə olan təhlükələrin bir mənbədən qaynaqlandığını vurğulayıb.    

“Səfər zamanı regionda sülh və sabitliyin təmin olunması naminə terrorizm əleyhinə mübarizədə İranla əməkdaşlığa dair razılığa gəldik”, deyə prezident qeyd edib.      

Prezident Azərbaycanın müstəqilliyi dövründə ölkədə iki minədək məscidin tikildiyini qeyd edib: “Azərbaycan xalqı İslam və şiəçiliyə hörmətlə yanaşır”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu