Modern.az

“İlin sonunadək dəmir yolunu İran sərhədinədək çəkəcəyik”

 “İlin sonunadək dəmir yolunu İran sərhədinədək çəkəcəyik”

Təhsil

23 Fevral 2016, 22:46

 “İran-Azərbaycan əlaqələri yüksələn xətlə, uğurla və sürətlə inkişaf edir. Bizim əlaqələrimizin çox möhkəm təməli vardır. Əsrlər boyu xalqlarımız bir yerdə yaşamış, yaratmışlar. Bizi tarix, mədəniyyət, ortaq keçmişimiz, dinimiz birləşdirir”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

İlham Əliyev vurğulayıb ki, bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxıb: “Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Bizim aramızdakı ticarət əlaqələrinin çox gözəl perspektivləri vardır. Bu gün beynəlxalq aləmdə baş verən hadisələr, eyni zamanda, ikitərəfli münasibətlərimizə aid olan məsələlər geniş müzakirə edildi. Biz razılaşdıq ki, beynəlxalq terrorizmə qarşı birgə səylərimizi daha da gücləndirəcəyik. Beynəlxalq aləmdə bundan sonra da bir-birimizə dəstək göstərəcəyik. Bu gün, eyni zamanda, regional məsələlər müzakirə edildi. Dünən elan olundu ki, Amerika Birləşmiş Ştatları və Rusiya Suriyada müharibənin dayandırılması haqqında qərara gəlmişlər. Biz bu razılaşmanı alqışlayırıq. Biz dəfələrlə bəyan etmişdik ki, Suriyada vəziyyəti normallaşdırmaq üçün ilk növbədə, atəşkəs yaradılmalıdır, ondan sonra sülh bağlanmalıdır və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir.

Bir daha qeyd etmək istəyirəm ki, bu gün söhbət əsnasında bir çox məsələlərlə bağlı fikrimiz üst-üstə düşür. Bütün ölkələr bir-birinə hörmətlə yanaşmalıdır, bir-birinin işinə qarışmamalıdır. Belə olan halda müharibələr də dayanacaq, qarşıdurmalar da azalacaqdır”.

Prezident iki ölkə arasında bir neçə sənədin imzalandığını qeyd edib: “Bu gün Siz də bunun şahidisiniz ki, bir çox sənədlər imzalandı. Bu sənədlərin icrası bizim əlaqələrimizi daha da gücləndirəcəkdir. Bir çox sahələr üzrə imzalanan sənədlər gələcək üçün yol göstərir.

Bu sənədlərin mahiyyəti çox müsbətdir və onların bir hissəsi ikitərəfli əlaqələrə, bir hissəsi isə çoxtərəfli və regional əməkdaşlığa xidmət göstərir.

Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılıb. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.

Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq.

Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır.   Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər vardır. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcəkdir”.  

Azərbaycan prezidenti qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar olduğunu da qeyd edib: “Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaqdır. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var”.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu