Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri icra olunur. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, köçürmə prosesinin ikinci mərhələsində alqı-satqı prosesi və söküntü işləri davam etdirilir.
Kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqamətində işlər icra olunmaqdadır. Artıq Nərimanov rayonu ərazisində 9 mərtəbəli, 2 bloklu tamamilə rekonstruksiya olunmuş binada 2 otaqlı 104 mənzil hər bir kommunal şəraitlə təchiz edilərək kiçiksahəli mənzillərin sakinlərinə verilib. Yaxın günlərdə onlardan 94 ailə yeni mənzillərə köçə biləcəklər.Bakı şəhərinin Baş Planınının icrasının 2-ci mərhələsinin başa çatdırılması və yolların çəkilməsinə başlanması məqsədi ilə Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan Yasamal rayon İcra Hakimiyyəti müəyyənləşdirilib. Bu qərardan sonra satınalma işləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq həyata keçirilir.
Nazirlər Kabinetinin qərarının icrasının təmin olunması məqsədi ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2015-ci il tarixli sərəncam verilib. Daşınmaz əmlakın alınması qrupu təşkil edilib, elanlar verilib, dövlət əhəmiyyətli tədbirin məqsədi izah olunub və hər bir əmlak sahibinə rəsmi bildirişlər göndərilib. Hazırda könüllü satınalma davam etdirilir, razılıq əldə olunmayan ünvanlarla əlaqədar məhkəməyə iddia ərizələri hazırlanır. Bu istiqamətdə işlərin operativ həllinin nəticəsidir ki, artıq çəkiləcək əsas yollar mərzlənib və yol tikinti işlərinə başlanıb.
Modern.az