İctimai Siyasət İnstitutu, “Sosial İnnovasiya Müsabiqəsi -Azərbaycan” -ın qaliblərini elan edib. İctimai Siyasət İnstitunun təşkilatçılığı ilə keçirilən müsabiqənin münsiflər heyəti qismində Azərbaycan Diplomatik Akademiyası universitetindən Dr. Emin Hüseynov, BP Azərbaycan şirkətinin Sosial İnvestisiyalar və İcmalarla əlaqələr üzrə meneceri Elçin Haqverdiyev, Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Aytən Əliyeva və bir sıra başqa nüfuzlu mütəxəssislər təmsil olunublar.
Tədbiri giriş sözü ilə açan İctimai Siyasət İnstitutunun direktoru Bəxtiyar Hacıyev bildirib ki, müsabiqə post-neft dövrü üçün Azərbaycanda insan kapitalından maksimum faydalanmaq, vətəndaşların, xüsusi ilə də gənclərin həll yönümlü düşünməsinə təşviq etmək, eyni zamanda vətəndaş və dövlət arasında innovasiyalar sahəsində körpü, platforma rolu oynamaq məqsədi ilə təşkil edilib.
Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin Strateji Tədqiqatlar Şöbəsinin rəhbəri Fariz Cəfərov, GoldenPay şirkətinin rəhbəri Fərid İsmayılzadə, kənd təsərrüfatı üzrə ekspert Zaur Əliyev çıxış edərək,“Sosial İnnovasiya Müsabiqəsi”-i və sosial innovasiyaların iqtisadi inkişafda əhəmiyyəti barədə fikirlərini bölüşüblər. BP şirkətinin nümayəndəsi Elçin Haqverdiyev: - “Biz inanırıq ki, bu müsabiqə innovativ ideyaların cəmiyyətin diqqətinə çatdırılması yönümündə ənənəvi hadisəyə çevriləcək və ölkəmizdə insan kapitalının inkişafına öz töfhəsini verəcək.” - deyərək müsabiqəyə uğurlar arzulayıb.
Sonda müsabiqədə qalib gəlmiş iştirakçıların mükafatlandırma mərasimi olmuşdur. Müsabiqəyə müxtəlif kateqoriyalar üzrə 300-ə qədər müraciət daxil olmuş, bir-birindən maraqlı ideyalar arasından 33 ideya yarımfinal mərhələsinə keçmiş və qaliblər müəyyən edilmişdir. Müsabiqədə ilk 3 yerə layiq görülən qaliblərə müvafiq olaraq3000, 2000 və 1000 AZN pul mükafatları və BP şirkəti tərəfindən dizüstü kompüterlər hədiyyə edilmişdir. Yarımfinal mərhələsinə keçmiş bir neçə iştirakçıya həvəsləndirici mükafatlar təqdim edilmişdir.
Xatırladaq ki, “Sosial İnnovasiya Müsabiqəsi-Azərbaycan” layihəsinin məqsədi gənclərin Azərbaycanın inkişafı üçün həll yönümlü düşünməyə təşviq edilməsidir. “YARAT” müasir incəsənət məkanında keçirilən final mükafatlandırma mərasimində müsabiqənin tərəfdaşı olandövlət qurumları, universitetlər, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri, məzun şəbəkələri, özəl şirkətlərin nümayəndələri iştirak ediblər.
Modern.az