Tanınmamış Abxaziyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ” ilə vizasız rejimə keçməsi barədə məsələyə Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev münasibət bildirib.
Modern.az-ın məlumatına görə, H.Hacıyev deyib:
“Azərbaycan Respublikası Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu mövqe bir daha Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində öz əksini tapıb. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur. Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları AR-nın Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan kənar hər hansı özfəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı vardır. XİN Azərbaycan Respublikası vətəndaşlarını Gürcüstan Respublikası mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır”.
Modern.az