Modern.az

YAP-çı həmkarları Siyavuş Novruzovu DƏSTƏKLƏMƏDİLƏR

YAP-çı həmkarları Siyavuş Novruzovu DƏSTƏKLƏMƏDİLƏR

Təhsil

24 Fevral 2016, 17:12


Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin dünənki iclasında hökümət üzvlərinin, Baş nazirin müavinlərinin və nazirlərin büdcə müzakirələrində iştirak etməməsinə kəskin irad bildirmişdi.

“Burada dövlət büdcəsi müzakirə olunur. Bu, təkcə Maliyyə Nazirliyi və ya Mərkəzi Banka aid məsələ deyil ki! Amma iqtisadi blokdan olanlar yoxdur. Kənd Təsərrüfatı, Səhiyyə, Təhsil nazirlikləri yoxdur. Eyni zamanda Baş nazirin 6 müavini də iclasda iştirak etmir. Onlara ünvanlanacaq suallara kimlər cavab verməlidir?”,-deyə deputat etirazını ifadə etmişdi.

Modern.az saytı YAP-da təmsil olunan digər deputatlardan S.Novruzovun iradına münasibət öyrənməyə çalışıb.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə həmkarının fikirlərinə heç bir əlavəsi olmadığını vurğualyıb.

“Hökümət üzvləri ilə münasibətə gəlincə, qaldırdığımız məsələ və şikayətlərlə bağlı müraciət edildikdə heç bir problem olmadan zəngləşirik, görüşürük. Məsələlərlə bağlı müzakirələrimiz olur. Şəxsən hansısa məsələylə bağlı problemlə üzləşmirəm”.

YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Milli Məclisin spikeri Oqtay Əsədovun fikirlərini təkrar edərək bildirib ki, dünən prezident İlham Əliyev İranda böyük heyətlə səfərdə olduğundan hökümət üzvlərinin əksəriyyəti parlamentin müzakirələrinə qatıla bilməyib.

“Siyavuş Novruzov bu fikirləri səsləndirərkən hökümət üzvlərinin büdcə müzakirələrində iştirak etməsinin vacibliyini nəzərdə tutmuşdu. Amma reallığı da nəzərə almaq lazımdır. Milli Məclisin spikeri Oqtay Əsədov da onun fikirlərinə münasibət bildirdi. Dünən prezidentin vacib səfəri oldu. Səfər çərçivəsində onlarla sənədlər, vacib anlaşmalar imzalanıb. Hökümətin bəzi üzvləri də İrana getmişdi. Ona görə də onların parlamentdə iştirakı sözsüz ki, mümkün deyildi. Əsas iqtisadi inkişaf nazirinin müavini, maliyyə naziri, Sosial Müdafiə Fondunun və Hesablama Palatasının rəhbərləri idi ki, onlar da iclasdaydılar. Spikerin sözünə qoşuluram ki, dünənki İran səfərinə görə hökümət üzvləri yetərincə təmsil olunmadılar. Əsas odur ki, büdcənin təqdimatı oldu, maliyyə naziri çıxış etdi, millət vəkillərinin çoxu fikirlərini bildirdi”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu