Modern.az

İqtisadçı 3-cü devalvasiya BARƏDƏ: “İstənilən “sürpriz” gözləmək olar”

İqtisadçı 3-cü devalvasiya BARƏDƏ: “İstənilən “sürpriz” gözləmək olar”

Təhsil

24 Fevral 2016, 17:20


İqtisadçı-alim Vüqar Bayramov bu gün insanları ən çox narahat edən 3-cü devalvasiya məsələsinə aydınlıq gətirib.

Modern.az saytının məlumatına görə, ekspert bunu Mərkəzi Bankın 24 fevralda hərraca cəmi 30 milyon dollar məbləğində vəsait çıxarması ilə əlaqələndirib.

O qeyd edib ki, hərracda iştirak edən 14 bank 66,760 milyon dollar almaq istəyib:

“Amma Mərkəzi Bankın valyuta sifarişinin cəmi 44,9 faizini təmin edib. Yəni, sifarişin yarıdan azı qarşılanıb. Bu isə o deməkdir ki, son həftələr bəyan etmədiyi səbəblərlə manatı möhkəmləndirən Mərkəzi Bank dollara olan tələbi tam ödəyə bilməyib.

Təxminən 4 milyard dollar valyuta ehtiyatları olan Mərkəzi Bankın nə üçün 37 milyon dollara yaxın vəsaiti bazara çıxarmaması səbəbləri qaranlıqdır. Bununla yanaşı, Mərkəzi Bankın bu addımı bazarda və eləcə də əhali arasında yenidən çaşqınlıq yaradır. Eyni zamanda banklarda valyuta qıtlığına və həmçinin “qara bazar”ın yenidən canlanmasına da səbəb ola bilər”.

Digər tərəfdən, maraqlıdır görəsən, baş bankda dollar tələbinin ödənilməməsinin mənfi təsirlərini qiymətləndirmirlərmi?

V.Bayramov qeyd edib ki, Mərkəzi Bank ən azı dollar tələbinin ödənilməməsinin səbəbləri barədə ictimaiyyətə məlumat verməlidir:

“Ona görə ki, insanlar arasında yenidən valyuta ajiotajı yaranmasın. Çünki, bu addım bazara həm iqtisadi, həm də psixoloji təsir göstərir. İqtisadi baxımdan tələb ödənilmir, psixoloji cəhətdən yenidən əhali, xüsusən də dollar ilə krediti olanlar arasında narahatlıq yaranır. Buna görə də, Mərkəzi Bank hərraca valyuta çıxaran zaman mövcud tələbi öncədən doğru proqnozlaşdırmalıdır.

Amma bu günkü hərracın nəticələri göstərir ki, baş bankda strateji olaraq məzənnə və tələb proqnozlaşdırılması heç də arzu olunan səviyyədə deyil. Deməli, Mərkəzi Bankdan istənilən “sürprizi” gözləmək olar”.  

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu