
Küveytin Azərbaycandakı səfirliyi ölkəsinin dövlət azadlıq bayramının 25-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Modern.az xəbər verir ki, çıxış edən Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Rumi çıxış edib. Azərbaycanla Küveyt arasındakı əlaqələrə toxunan diplomat bildirib ki, iki ölkənin münasibətləri dinamik şəkildə inkişaf etməkdədir.
O, qarşıdan Xocalı soyqırımının 26-cı ildönümünün gəldiyini xatırladaraq, Azərbaycanın dərdinə şərik çıxdıqlarını bildirib.
“Biz milli bayramımızı qeyd etsək də, azərbaycanlı qardaşlarımızın, uşaqların, mülki vətəndaşların qətli ilə nəticələnmiş Xocalı soyqırımının ildönümü ilə bağlı kədərini bölüşürük. Biz Küveyt dövləti olaraq mülki vətəndaşları hədəfə alan bu kimi əməlləri pisləyirik.”
O qeyd edib ki, Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələr qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır.
Azərbaycan hökuməti adından çıxış edən təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə Küveyt xalqını Azərbaycan hökuməti adından təbrik edib, xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.
Mikayıl Cabbarov deyib ki, iki dövlət arasındakı ticarət dövriyyəsinin həcmi artıb.
Aqşin Kərimov