Modern.az

Kiprdəki qəzada həlak olan tələbələrdən birinin cənazəsi vətənə gondərilib

 Kiprdəki qəzada həlak olan tələbələrdən birinin cənazəsi vətənə gondərilib

29 Fevral 2016, 23:54


"Şimali Kipr saatı ilə axşam saat 6-da mərhum tələbə yoldaşımız Yunus Ərəbovun cənazə namazı qılındı və bu saatlarda Bakıya ailəsinə göndərildi”.  Bunu Modern.az saytına açıqlamasında  bu gün Şimali Kiprin paytaxtı Lefkoşada baş verən avtomobil qəzasında həyatını itirən azərbaycanlı tələbələrin universitet yoldaşları deyiblər.

Mərhum tələbə yoldaşları haqqında son məlumatı verən azərbaycanlı tələbələr bildiriblər ki, hadisə nəticəsində maşını idarə edən digər azərbaycanlı tələbə Nicat Hacızadənin cənazə namazı sabah səhər saatlarında qılınacaq və cənazə Azərbaycana yola salınacaq. Mərhum Nicat Hacızadənin valideynləri də artıq Şimali Kiprdə universitetdədirlər. Onlar da sabah Azərbaycana yola düşəcəklər.

Lefkoşadan azərbaycanlı tələbələrin verdiyi məlumata görə qəza nəticəsində sol qolu qırılaraq ciddi bədən xəsarətləri alan digər azərbaycanlı tələbə Anar Süleymanovun vəziyyəti ağır olaraq qalır. O, hələ də özünə gələ bilməyib.

Qəza nəticəsində xəsarət alan milliyətcə və ərəb olan digər tələbə Mehdi Laamyeminin vəziyyətinin də ağır olduğu və yaddaş pozğunluğunun olduğu da bildirilir.

Məlumat verən tələbələr həmçinin bildiriblər ki, rəhmətə gedənlərin və sağ qalanların bütün maliyyə xərcləri unuversitet tərəfindən qarşılanacaq.

Qeyd edək ki, iki azərbaycanlı tələbənin həlak olduğu və ikisinin isə ağır yaralandığı yol qəza hadisəsi bu gün səhər saatlarında Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində baş verib.  

Ağa AKİFOĞLU

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?