Modern.az

Nazir qış imtahanları ilə bağlı ali məktəb rektorlarına tapşırıqlar verib

Nazir qış imtahanları ilə bağlı ali məktəb rektorlarına tapşırıqlar verib

5 Yanvar 2011, 19:40

Rektorlar nazirə hesabat verməli olacaqlar

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. Modern.az saytının məlumatına görə, təhsil naziri Misir Mərdanov qış imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə müəyyən tapşırıqlar verib. Qış imtahan sessiyası dövründə tələbələr də öz şikayətlərini Təhsil Nazirliyinin “qaynar xətt”inə çatdıra biləcəklər.

Təhsil Nazirliyindən Ali və orta ixtisas təhsili şöbəsindən Modern.az-a bildirilib ki, nazir Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyası dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə müvafiq əmr imzalayıb.

Nazirin əmrinə müvafiq olaraq Təhsil Nazirliyində "qaynar xətt" (Tel.: 496-34-82, faks: 496-37-61, e-mail: [email protected]) fəaliyyət göstərəcək.
Eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Tapşırığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri təhsil ocaqlarında imtahan qərargahı yaradıblar. Qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "qaynar xətt"inə operativ məlumat verilməlidir. Rektorlar imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməli, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər.
“Nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar” nazirin əmrində bildirilib.
Rektorlar qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verəcəklər.

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsi  ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının monitorinqini keçirəcək. Monitorinqə Təhsil Nazirliyinin əməkdaşları, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri cəlb ediləcək.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyası 2010-cu il dekabrın 30-dan başlayıb və 2011-ci il yanvarın sonunadək davam edəcək.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu