Səhiyyə Nazirliyi Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən və plandan kənar təkrar reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə respublika üzrə 860 aptek təşkilatına baxış keçirilib, bunlardan 324 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 463 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 73 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri dayandırılıb.
Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 42 aptekə inzibati xətalar məcəlləsinin 64.1. maddəsi ilə cərimə protokolları tərtib edilib.
Həmçinin keçirilən reydlər nəticəsində dövlət qeydiyyatı və müvafiq yararlıq sertifikatı olmayan 4046 seriya (26587 qutu), istifadə müddəti bitmiş 415 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib.
Modern.az