Modern.az

Elmin İnkişafı Fondu 2011-ci ildə 1-ci müsabiqəsini elan etdi

Elmin İnkişafı Fondu 2011-ci ildə 1-ci müsabiqəsini elan etdi

13 Yanvar 2011, 15:21

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu elmi-tədqiqat proqaramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci il üçün 1-ci müsabiqəsini  élan edib. Bu barədə Modern.az-a Fonddan məlumat verilib.

Fondun məlumatına görə, 2011-ci il üçün 1-ci müsabiqədə Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, hümanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələr və digər elmi tədbirləri dəstəklənəcək.

Aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan fiziki şəxslərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının və s.) elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə cari ilin elmi prioritetlərinə uyğun olaraq, qrantların verilməsi nəzərdə tutulur.

Elmin İnkişafı Fondundan bildirlib ki, 2011-ci il üçün 1-ci müsabiqənin qrant layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 6 milyon 100 min manat ayrılıb.

1. Müsabiqədə elmi-tədqiqat müəssisələrinin və digər qurumların elmi fəaliyyətini təkmilləşdirmək  və inkişafını dəstəkləmək, həmçinin qısa müddət ərzində əhəmiyyətli elmi nəticələr alınmasını stimullaşdırmaq məqsədilə layihələrin ümumi maliyyələşdirilmə həcmi 3 milyon manat nəzərdə tutulub.

2. Fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri sahələrini əhatə edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli layihələrinin kiçik, orta və böyük həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsi üçün 2 milyon 100 min manat nəzərdə tutulub.

3. Cəmiyyətin sosial-mənəvi inkişafına xidmət edən, hümanitar və ictimai elmlər sahəsində yerinə yetirilən elmi-tədqiqat işləri üzrə pilot, fundamental, axtarış-innovasiya xarakterli layihələrin və proqramların kiçik, orta və böyük həcmli məqsədli qrantlar vasitəsilə maliyyələşdirilməsi üçün  1 milyon manat nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 12 yanvar 2011-ci il tarixindən başlayaraq qəbul olunur.

Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 11 fevral 2011-ci il saat 17:00-dır.

Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2011-ci il üçün 1-ci müsabiqənin  nəticələri 4 aprel 2011-ci il tarixindən gec olmayaraq açıqlanacaq.

Müsabiqədə qurumlar və elmi yaradıcı kollektivlər (alimlərin, mütəxəssislərin və ya qurumların iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş), alimlər, mütəxəssislər və digər fiziki şəxslər, iştirak edə bilərlər.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu