Modern.az

«Azəryolservis» ASC-dən xəbərdarlıq: “Dərnəgül yolunda söküləcək evlərin hamısına kompensasiya verilməyəcək”

«Azəryolservis» ASC-dən xəbərdarlıq: “Dərnəgül yolunda söküləcək evlərin hamısına kompensasiya verilməyəcək”

14 Yanvar 2011, 10:56


«Azəryolservis» ASC-nin məlumatına görə, yaxın vaxtlarda Bakı şəhərinin əsas avtonəqliyyat magistrallarından olan Ziya Bünyadov prospektinin (Dərnəgül yolu) yenidən qurulmasına başlanacaq. Bu prosesə start veriləndə yol boyunca yüzlərlə obyekt, o cümlədən fərdi yaşayış evləri söküləcək. Bu barədə Modern.az saytına «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Z.Bünyadov prospekti başlanğıcını Nəsimi rayonu ərazisindəki «Xutor dairəsi»ndən götürür, metronun “Əzizbəyov” stansiyasınadək uzanır.

«Azəryolservis» ASC yolu ona görə genişləndirəcək ki, Dərnəgül yolu ilə nəqliyyatın hərəkəti asanlaşsın. Məsələ ondadır ki, bu yolda nəqliyyatın hərəkətənin həddən artıq sıxlaşması, ağır yüklü və sərnişin nəqliyyatının sayının çoxalması prospektin yenidən qurulmasını gündəmə gətirib.
Pünhan Mürsəliyev bildirib ki, hazırda yolun yenidən qurulması ilə bağlı layihələndirmə işləri aparılır. «Azəryolservis» rəsmisi Modern.az-a deyib ki, yol genişləndirilərkən onun ətrafında inşa olunan xeyli obyekt söküləcək ki, bu sırada fərdi yaşayış evləri də az deyil.
Bəs plana neçə ev düşür?

Pünhan Mürsəliyev deyib ki, söküləcək evlərlə bağlı konkret rəqəm hələ müyyənləşdirilməyib. O bütün evlərə kompensaiya verilməyəcəyini də əlavə edib.
“Həmin evlər sökülərkən onların sənədlərinin qaydasında olub-olmadığı araşdırlacaq. Əgər sənədlər qaydasında olmasa, sökülən evə görə kompensasiya verilməyəcək”.

Qeyd edək ki, plana düşən evlərin böyük əksəriyyəti Nərimanov rayonu ərazisindəki Böyük Şor qəsəbəsində yerləşir. Modern.az-ın məlumatına görə, artıq söküləcək evlərin sakinlərinə xəbərdarlıq da olunub. Bunu əməkdaşımıza həmin evlərin sakinləri bildirblər.

Onu da əlavə edək ki, Böyük Şor qəsəbəsində evlərin 80 faizi vaxtilə özbaşına tikilən fərdi evlərdir. Sonradan onların bir çoxunun sahibi sənədləri qaydasına salsa da, bunu edə bilməyənlər də az deyil.

Dərnəgül yolunda aparılacaq yenidənqurma işləri çərçivəsində prospekt üzərində 4 yeni yolötürücü qovşağı tikiləcək, bir qovşaq isə («Çermet körpüsü» adlanan ərazidə) yenidən qurulacaq. Yeni qovşaqlardan biri yolun başlanğıcında – Nəsimi rayonu ərazisində A.Mustafayev, R.Məmmədov, A.Salamzadə küçələrinin Z.Bünyadov prospekti ilə kəsişdiyi yerdə («Xutor dairəsi») olacaq. İkinci qovşaq Z.Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində («Xəqani Petrol» YDM-nin yanında), üçüncü qovşaq Z.Bünyadov prospektinin Böyük Şor küçəsi ilə kəsişməsində, dördüncü qovşaq prospektin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində tikiləcək.
Daha bir qovşaq, prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsində (indiki «Çermet» adlanan ərazidə) yerləşən yol qovşağı isə yenidən qurulacaq, hazırda burada dəmiryolu üzərində olan yol ötürücüsü söküləcək və yeni yol qovşağı tikiləcək. Eyni zamanda, yoldan piyadaların da normal keçidini və hərəkətini təmin etmək üçün piyada keçidləri inşa ediləcək.

Prospektin yenidən qurulması nəticəsində onun eni indiki 40 metrdən 50-60 metrədək artırılacaq. Yenidənqurmadan sonra «Xutor dairəsi»ndən Azadlıq prospekti ilə kəsişməsinədək hissə 12 zolaqlı, sonrakı hissə 10 zolaqlı olacaq. Hər zolağın eni 3,75 metr nəzərdə tutulub.

P.Mürsəliyevin sözlərinə görə, Z.Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar və keçmiş «Qələbə» kinoteatrı yanındakı dairələrdən Böyük Şor yol qovşağına nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir: «Eyni zamanda, Binəqədi, Nərimanov və Nəsimi rayonlarında sənaye və yaşayış məntəqələrindən keçdiyinə görə, ağır yüklü və sərnişin nəqliyyatının normal hərəkətinin təmin olunması üçün hər tərəfdən 3 olmaqla yolda 6 köməkçi yolların olması nəzərdə tutulur».

Yenidən qurulandan sonra yolda sürətli hərəkəti təmin etmək üçün burada 10 hərəkət zolağının 4-nün sürətli hərəkət zolağı olması nəzərdə tutulub.

Yenidənqurma işləri 2011-ci ildə başlanacaq və azı iki il davam edəcək. Yaxın vaxtlarda yolda işlərin mərhələlərlə həyata keçirilməsinə başlanacaq.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu