Məcburi köçkünlərin bir qisminin “çörəkpulu”nun kəsiləcəyi barədə xəbər təsdiqini tapandan sonra həmin kateqoriyadan olan insanlar narahat olmağa başlayıblar ki, kommunal güzəştlər də ləğv olunmayacaq ki?
Qeyd edək ki, Qacqınların və Məcburi köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Modern.az saytına bildirilib ki, təlimat hazırlanır.
“Dövlətqaçqınkom”da hazırlanan təlimata görə, valideynlərindən biri məcburi köçkün olmayanlarla yanaşı, dövlət qulluğunda çalışan, hərbi sistemdə qulluq edən məcburi köçkünlərə, məcburi köçkün rayonundan olan şəxslərlə ailə qurmuş digər rayonlardan olan qadınlara da “çörəkpulu”nun verilməməsi nəzərdə tutulur. Həmçinin, işğal olunmuş bölgələrdən Milli Məclisin üzvlüyünə seçilmiş şəxslər, digər şəhər və rayonlarda mənzil alıb, həmin yer üzrə qeydiyyata düşən ailələr də məcburi köçkün olaraq “çörəkpulu” ala bilməzlər.
Bəs onlarla bağlı qərar qüvvəyə minəndən sonra, bu şəxslər kommunal xidmətlərə görə də güzəştlərdən məhrum olmayacaqlar ki?
Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Modern.az-a bildirib ki, hazırlanan təlimatda məcburi köçkünlərin qaz, elektrik energisi ilə bağlı güzəştləri qüvvəsində qalacaq.
Xatırladaq ki, hazırda məcburi köçkünlər adambaşına qış aylarında 45 m3, yay aylarında 25 m3, yaz və payız aylarında isə 35 m3 pulsuz qaz işlədə bilərlər.
Elektrik enerjisinə görə hər bir məcburi köçkün üçün ayda 120 kv.saat pulsuz limit müəyyənləşdirlib.
Köçkünlər su təchizatı və telefondan istifadədə də (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) müəyyən güzəştlərə malikdirlər.
Sədaqət Süleymanova