Modern.az

Azərbaycan gürcülərin “Keşikçidağ”la bağlı iddialarını rədd edib

Azərbaycan gürcülərin “Keşikçidağ”la bağlı iddialarını rədd edib

15 Yanvar 2011, 18:11

Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, abidə ilə bağlı xəritələr hazırlanıb və müvafiq təşkilatlarla razılaşdırılıb


Azərbyacan tərəfi Ağstafa rayonunda yerləşən “Keşikçidağ” tarixi-mədəniyyət abidəsi ilə bağlı rəsmi Tiflisin iddialarına məhəl qoymayıb. Modern.az saytının məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən xəbər verilib. Nazirlik bildirib ki, “Keşikçidağ”la bağlı xəritələr hazırlanıb müvafiq təşkilatlarla razılaşdırılıb və təsdiq ucun Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

“Azərbaycan Respublikası Prezidentini muvafiq sərəncamlarının icrası ilə əlaqədar “Keşikçidağ” Dovlət tarix-mədəniyyət qoruqlarının muhafizə zonalarını əks etdirməklə sərhədlərin təyin edilməsi məqsədilə komissiyalar yaradılaraq ərazilərə baxış keçirilib, xəritələr hazırlanıb müvafiq təşkilatlarla razılaşdırılıb və təsdiq ucun Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib”-deyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunur.

Xatırladaq ki, Keşikçidağ məbədi Azərbaycanla  Gürcüstan sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareso rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.

Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə Keşikçidağ məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edir.

Azərbaycan tarixçilərinə görə, məbəd gürcülər tərəfindən yalnız Dördüncü Qurucu David hakimiyyəti dövründə ziyarət edilməyə başlanıb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti və həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərib ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.

Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, gürcülərin “David Qareci” adlandırdığı tikili həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan “Qurucu David” və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilir: “Monastır 11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçib.

Preizdent İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə dəniz səviyyəsindən 850 metr hündürlükdə, Gürcüstanla sərhəddə yerləşən bu abidələr kompleksində qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası orada araşdırmalara başlayıb. Məlum olub ki, orta əsrlərə aid qədim alban yaşayış məskəni Keşikçidağ müdafiə məqsədi ilə tikilib. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanıb. XIX əsrdə buradan hərbi poliqon kimi istifadə edildiyindən, qapalı yer olub.

Lakin Gürcü siyasi dairələri buna baxmayaraq müxtəlif vaxtlarda bu abidənin onlara məxsusluğunu iddia ediblər. “David Qareci” məbədi kimi qeyd etdikləri bu tarixi yerin Gürcüstana verilməsi üçün müzakirələr açmağa cəhd ediblər. Ötən il gürcü xarici işlər nazirinin müavini Nino Kalantadze Tiflisdə bildrimişdi ki, “David Qareci” monastır kompleksinin yerləşdiyi mübahisəli ərazi başqa ərazinin əvəzində Azərbaycan tərəfindən onlara güzəşt edilə bilər.
Onun sözlərinə görə, sərhədin delimitasiyası prosesi başa çatdıqdan sonra bu məsələ də yekun həllini tapacaq: “Söhbət qarşılıqlı mübadilə prinsipinin delimitasiya prosesinin yekunlaşmasından sonra həyata keçirilməsindən gedir. Lakin biz hələlik bu məsələdə razılığa gələ bilmirik və proses davam edir”.

Azərbaycan tərəfinin cavabı özünü çox ləngitməyib. Elə həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, Gürcüstanla sərhədlərin delimitasiyası məsələsində ərazi mübadiləsi imkanını nəzərdən keçirmir.
"Sərhədyanı ərazi Keşikçidağda ərazi mübadiləsi məsələsi müzakirə predmeti deyil"- deyə XİN-in mövqeyini bildirən nazirliyin rəsmi nümayəndəsi Elxan Poluxov bildidb.

Bu məsələ ilə bağlı son iddia ötən ilin dekabrın 29-da Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze səsləndirib. “Keşikçidağ”ın (“David Qareci”) mübadilə məsələsinə dair münasibət açıqlayan Vaşadze deyib ki, "Gürcüstanın 1 kvadratmetr ərazisi belə kimsəyə müvafiq kompensasiya olmadan verilməyəcək".

Nazir vurğulayıb ki, Azərbaycan ilə demarkasiya haqqında danışıqlar ona görə başa çatmayıb ki, müəyyən məsələlərlə bağlı razılaşma hələ əldə edilməyib. “Tərəfimizdən müavinim David Calaqaniyanın başçılıq etdiyi hökumətlərarası komissiya çərçivəsində görüşləri iki ölkənin ekspert və diplomatları mütəmadi keçirirlər. Bu proses hər iki tərəf razılığa gələndən sonra başa çatacaq”.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu