Modern.az

Dövlət qulluğu imtahanlarının nəticələri açıqlanıb

Dövlət qulluğu imtahanlarının nəticələri açıqlanıb

Ölkə

18 Yanvar 2011, 15:26

21, 29 oktyabr və 26 noyabr 2010-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 97 dövlət orqanı üzrə 826 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 10 dekabr – 2011-ci il 14 yanvar tarixlərdə keçirilib. Bu barədə Modern.az-a Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılıb
1. Dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
2. Qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. İnformasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. Məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Yeni qaydalara əsasən inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin 8-9-cu təsnifatlarına uyğun olan vəzifələr üzrə müəyyən edilmiş keçid balını toplayan namizədin vəzifənin tutulma şərtləri nəzərə alınmaqla bu təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərlər.
Test imtahanının qrafiki də yeniliyin bu tələbi nəzərə alınmaqla tərtib edilib. Belə ki, test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak ediblər.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 3083 namizəd qeydə alınıb. Onlardan 1297 nəfəri (bütün namizədlərin 42,07%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən  397 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.
391 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 509 nəfər 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 

Namizədlərdən 307 nəfəri test imtahanında iştirak etməyib. Bunlardan 51 nəfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 41 nəfəri Dövlət Sosial Müdafiə Fondu və 40 nəfəri İqtisadi İnkişaf Nazirliyi üzrə qeydə alınmış namizədlərdir.

Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:

İqtisadi İnkişaf Nazirliyi - 28 yerə qarşı qeydə alınmış 412 namizəddən 196-sı test imtahanından uğurla keçib;

Ekologiya və Təbii Sərvətlər Nazirliyi - 50 yerə qarşı qeydə alınmış 481 namizəddən 191-i test imtahanından uğurla keçib;

Dövlət Sosial Müdafiə Fondu - 210 yerə qarşı qeydə alınmış 408 namizəddən 134-ü test imtahanından uğurla keçib;

Bakı Apelyasiya Məhkəməsi - 10 yerə qarşı qeydə alınmış 143 namizəddən 96-sı test imtahanından uğurla keçib;

Təhsil Nazirliyi - 67 yerə qarşı qeydə alınmış 147 namizəddən 80-i test imtahanından uğurla keçib.

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu