2010-cu il ərzində Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində müəyyən işlər görülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məluamata görə, hazırda, ölkəmizdə ümumi sahəsi 890 026,2 ha olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
2010-cu ildə Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərində dövlət təbiət yasaqlığının yaradılması məqsədilə zəruri torpaqayırma sənədləri işlənilib və hazırda aidiyyəti qurumlarla razılaşdırma prosedurundadır.
Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının yaradılması ilə əlaqədar artıq “Zaqatala-Balakən Biosfer Qoruğunun yaradılması və dayanıqlı İnkişafı üzrə Razılaşmalara dair Protokol”un müvafiq Nazirlik və Komitələrdən daxil olan rəy və təkliflər nəzərə alınaraq işlənmiş son variantı Nazirlər Kabinetnə təqdim edilib.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsbit edilib. Nazirlər Kabinetinin 2010-cu il 12 aprel tarixli Sərəncamı ilə Zooloji Parkın yaradılması ilə əlaqədar Abşeron rayonunun Qobu ərazisində 55 hektar torpaq sahəsi ayrılıb. Zooloji Parkın yaradılması məqsədilə dizayn-layihələndirmə işlərinin aparılması üçün açıq tender keçirilib və qalib şirkət müəyyən edilib. Artıq layihə üzrə master planın və texniki şərtlərin hazırlanması üzərində işlər yekunlaşma mərhələsindədir.
Nazirlər Kabinetinin 2010-cu il 08 iyul tarixli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində artıq ceyranların tarixi areallarından olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdləri köçürülüb, 2010-cu ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunub. 24 dekabr 2010-cu il tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə ilk ceyran sürüsünün (21 baş) buraxılması prosesini izləyiblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də, digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilmiş, qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanuna müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.
22 noyabr 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının ikinci nəşri və bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Nazirliyin və elmi təşkilatların nümayəndələrinin iştirakı ilə yaradılmış Redaksiya Heyətinin və İşçi Qrupunun birgə iclası keçirilib. Tədbirdə “Qırmızı Kitab”ın nəşri ilə bağlı görülmüş işlər barədə müzakirələr aparılmış, yaranmış problemlər təhlil edilərək zəruri istiqamətlər müəyyən edilib.
2010-cu il ərzində milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 624 akt, 187 protokol tərtib edilib, təbiətə 63983,18 manat dəyərində ziyan hesablanıb, inzibati qaydada 114910 manat cərimə tətbiq edilib. Cəmi tətbiq edilmiş 178893,18 manat ziyan və cərimədən 123914,06 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilib. 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 54 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib.
Modern.az