Nazirlər Kabinetinin müvafiq qərarları ilə Azərbaycan Respublikasında doktoranturaya qəbul qaydaları və doktorantura yaradılacaq ali təhsil müəssisələri, elmi təşkilatların siyahısı bir neçə ay öncə təsdiqlənib. Qeyd edək ki, Azərbaycanda 2009-cu ildə yeni “Təhsil haqqında” Qanun qüvvəyə mindikdən sonra aspirantura və doktoranturaya qəbul dayandırılıb.
Modern.az saytının məlumatına görə, xeyli vaxtdır doktoranturaya qəbul məsələsinin müzakirələri uzanır və bu məsələdə dövlət qurumları arasına müəyyən fikir ayrılıqları var. Fikir ayrılıqları əsasən doktoranturanın pullu olub-olmaması ilə əlaqədar idi. Milli Məclisin Elm və Təhsil komitənin üzvü Astan Şahverdiyev də qurumun ötən iclaslarının birində bildirib ki, bu məsələdə əsas fikir ayrılıqları Təhsil Nazirliyi ilə Milli Elmlər Akademiyası arasında yaranıb: “Məndə olan məlumata görə, nazirlik elmin bu pillələrini pullu etmək istəyir. Akademiya isə buna qarşıdır. Ona görə məsələ düyünə düşüb”.
Amma artıq bu məsələyə aydınlıq gətirilib. Modern.az saytı xəbər verir ki, təhsil naziri Misir Mərdanovun əmzaladığı əmrdən sonra məlum olub ki, Azərbaycanda doktorantura pullu olacaq.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildiriblər ki, nazir M.Mərdanov bir neçə gün öncə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli qərarının icrası barədə” əmr imzalayıb.
Sözügedən əmrə əsasən, Təhsil Nazirliyinin Elm şöbəsinə tapşırılıb ki, ali təhsil müəssisələrinin doktoranturaya qəbul və dissertantların təhkim olunma planlarının layihələrini Nazirlər Kabinetinə təqdim etmək məqsədilə qısa müddət ərzində hazırlasın.
Bundan başqa, nazirliyin Elm və İqtisadiyyat şöbələri birlikdə doktorantura və dissertantura üzrə təhsil haqları barədə ali təhsil müəssisələrinin təkliflərinə baxacaq və müvafiq qurumlara təqdim etmək məqsədilə təkliflər hazırlayacaq.
Modern.az