Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə, gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 109 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 30 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 19 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Modern.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyindən xəbər verilib.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 863, mikrobioloji göstəricilərinə görə 527, toksikoloji göstəricilərinə görə 121, radioloji göstəricilərinə görə 40 yeyinti məhsullarının nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 12-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 204 soyuq qəlyanaltı nümunəsi götürülmüş, nümunələrdə normadan kənara çıxma müəyyən olmayıb, müayinəyə götürülmüş 1979 yaxma nümunəsinin 38-də mikrobioloji çirklənmə aşkar edilib.
Dekabr ayı ərzində əhali arasında 25 qida zəhərlənməsi hadisəsi baş verib, 35 nəfər zərərçəkən olub. O cümlədən 5 botulizm hadisəsi baş verib, 8 nəfər zərərçəkən olub, 2 nəfər vəfat edib. Qida zəhərlənmələri hadisələri ev şəraitində hazırlanmış xiyar turşusu və digər qidaların qəbulu nəticəsində baş verib.