Gəncə Beynəlxalq Hava Limanı Rusiya istehsalı olan təyyarələrdən imtina edib. Sərnişinlərini təhlükəsiz mənzil başına çatdırmaq niyətində olan hava limanı artıq daxili və xarici reyslərini Fransa və ABŞ istehsalı olan hava gəmiləri ilə həyata keçirir. Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfov deyib ki, Modern.az-a illərdir istismar olunan və dünyada təhlükəli sayılan “Tu” tipli təyyarlər AZAL tərəfindən əvəzlənib. Direktor bunu sərnişinlərin təhlükəsizliyi naminə atılan addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bir neçə gündür Rusiya istehsalı olan təyyarələr yəni TU-134 və TU-154 tipli təyyarələrin Bakı və Naxçıvan istiqamətinə uçuşları dayandırılıb. Liman ATR, AEROBUS və BOİNQ tipli təyyarələrlə uçuşlar həyata keçirir və bütün təyyarələr son aylarda alınan təyyarələrdir. Bəylər Nəcəfov Gəncə Beynəlxalq Hava Limanı tərəfindən 2009-cu illə müqayisədə 2010-cu ildə həm sərnişin, həm də yük daşımasında artım qeydə alındığını bildirib.
Belə ki, 2009-cu ildə limandan daxilə və xaricə 70 min 795 sərnişin və 665 ton yük daşınıbsa, ötən il bu rəqəm 123 min 454 sərnişin və 966 ton yük təşkil edib. Bəylər Nəcəfov Bakı və Naxçıvan reysi ilə yanaşı, Moskva, Sankt-Peterburq və Kiyevə Gəncədən hər ay orta hesabla 10 mindən artıq sərnişinin daşındığınıda söyləyib. Qeyd edək ki, Türk Hava Yolları ilə aparılan danışıqların nəticəsi müsbət olarsa, yaxın günlərdə Gəncə-İstanbul reysi yenidən bərpa olunacaq.
Modern.az