Yanvarın 22-də Daxili İşlər Nazirliyində 2010-cu il üzrə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Modern.az-ın məlumatına görə, iclası daxili işlər naziri, general-polkovnik Ramil Usubov açıb və hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, ötən il ölkədə ümumilikdə 23010 cinayət qeydə alınıb ki, onların da 94 faizi, yəni 21651-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Təsnifatına görə həmin cinayətlərin 88,8 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11,2 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətlərin ümumi sayı 1,2 faiz, onların strukturunda adam oğurluqları 2,1 dəfə, zorlamalar 2,2 dəfə, soyğunçuluqlar 16,9 faiz, hədə-qorxu ilə tələb etmələr 7,7 faiz, quldurluqlar 6,5 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 3,5 faiz azalıb.
Həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ayrı-ayrı subyektlərinin kriminal aktivliyinin azalması da müşahidə edilib. Belə ki, əvvəllər məhkum olmuş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 2,9 faiz, yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 2,4 faiz, habelə məişət zorakılığı ilə bağlı cinayətlər 9 faiz azalıb.
Bütün uçot subyektləri üzrə cinayətlərin 86,4 faizi (19115), Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarında qeydə alınan cinayətlərin isə 86,6 faizi(18345) açılıb. Qəsdən adam öldürmələrin açılması 5,4 faiz, adam oğurluqlarının açılması 6 faiz yaxşılaşıb, hədə-qorxu ilə tələb etmə və banditizm cinayətləri tam açılıb. İnsanların hüquqlarının və qanuni mənafelərinin təmini işinin mühüm amillərindən biri də prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329, o cümlədən 67 ağır və xüsusilə ağır cinayətin açılması olub. Bununla bərabər, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində və “102” xidməti vasitəsilə 314 cinayət “isti izlərlə” açılıb.
Cinayətlərin qarşısının alınmasında, açılmasında hüquqazidd əməllərlə bağlı operativ tədbirlərin görülməsində və hər bir vətəndaşın təhlükəsizliyinin təmin edilməsində yeni informasiya texnologiyalarının mühüm və danılmaz rolunu xüsusi vurğulayan daxili işlər naziri son illər bu məsələ ilə bağlı Milli Strategiya çərçivəsində həyata keçirilən tədbirlərin ölkə həyatının bütün sahələrini əhatə etməklə cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini qeyd edib.
Bu məsələ ilə əlaqədar o da bildirilib ki, 2010-cu ildə “102” xidmətinə daxil olmuş məlumatlar əsasında 1679 cinayət işi başlanıb, məişət zəminli 2 minə yaxın hüquqazidd əməlin qarşısı alınıb.
"Təhlükəsiz şəhər" xidmətinin texniki imkanları sayəsində 20 cinayətin üstü açılıb, 2055 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə bağlı 49 hadisə, habelə yol hərəkətinə nəzarət prosesində 41 minə yaxın inzibati xəta müəyyən edilib. Yaradılmış avtomatlaşdırılmış laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 28,3 faizi üzrə sübut bazası toplanılıb.
Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini istiqamətində görülən işlərlə müxtəlif cinayətlərə görə 14.232 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Yerli və dövlətlərarası axtarışda olan 2296, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 127 təqsirləndirilən şəxs tutulub, “Məlumat Portalı” vasitəsilə 540 nəfər müəyyən edilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 70 nəfərin və İnterpola üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyənləşdirilib, axtarış işinin göstəricisi 66,3 faiz təşkil edib.
Mütəşəkkil cinayətkarlığa, onun transmilli növlərinə qarşı aparılan mübarizə də sistemli xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 647 ağır və xüsusilə ağır cinayət törətmiş 656 nəfəri birləşdirən 211 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 873 odlu silah və 60 mindən çox patron götürülüb, qanunsuz odlu silah saxlama və daşıma cinayətlərinə görə 108 nəfər məsuliyyətə cəlb olunub. Fəaliyyətin mühüm istiqamətlərindən olan dövlətin iqtisadi təhlükəsizliyinin qorunması üzrə davamlı şəkildə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 32 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Müvafiq hüquqazidd əməllərlə bağlı cinayət məsuliyyətinə 30 nəfər cəlb olunub. Qeyri-leqal dövriyyədən ümumi məbləği 364 min manat təşkil edən 4637 ədəd saxta əskinas götürülüb.
Narkotraffikə və insan alverinə qarşı mübarizə, həmçinin qeyri-leqal miqrasiyanın qarşısının alınması üzrə görülən tədbirlərə də toxunan nazir qanunsuz dövriyyədən 660 kiloqram narkotik vasitənin çıxarıldığını, 94,5 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısının alındığını, ümumi çəkisi 331 ton olan narkotik tərkibli bitkinin aşkarlanaraq yaşıl kütlə halında məhv edildiyini nəzərə çatdırıb.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 70 müvafiq cinayətin aşkarlanaraq 39 nəfərin məsuliyyətə cəlb olunması, 24 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirilməsi və bu cinayətlərin qurbanı olmuş 34 şəxsin müəyyənləşdirilməsi qeyd edilib.
Dövlət başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi baxımından bu sahədə davamlı şəkildə keçirilmiş tədbirlərlə 153 ekoloji cinayətin aşkarlanaraq 175 nəfərin məsuliyyətə cəlb edildiyi, ekoloji təhlükəsizlik qaydalarını pozmuş 804 nəfər haqda inzibati tənbeh tədbirləri görüldüyü də bildirilib.
2010-cu ildə respublika üzrə 61 minədək avtomobilin artması fonunda yol-nəqliyyat hadisələrinin sayı 2,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,7 faiz, ölənlərin sayı 0,5 faiz azalıb. Bu müsbət təmayül yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən baş verən hadisələrdə də nəzərə çarpıb. Nəticədə sürət həddinin aşılmasından irəli gələn qəzalar 5,3 faiz, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 5,6 faiz, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 25,3 faiz, piyadaların vurulması ilə bağlı hadisələr 2 faiz azalıb. Sürücünün görünüş dairəsini məhdudlaşdıran və yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi vəziyyətində idarə olunan 6619 avtomobil, habelə 706 avtoxuliqan müəyyən edilərək müvafiq tədbirlərin görülməsi təmin olunub.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 971.415 inzibati protokol tərtib olunub. Onlardan 874 minə yaxını yol hərəkəti, 33 minə qədəri yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması, 64.500-ü ictimai təhlükəsizlik, ekoloji qaydalar əleyhinə olan və s. xətalar ilə əlaqədardır. Nəticədə 82 mindən çoxu yerində olmaqla 923.305 nəfər cərimələnib, 2787 nəfər məhkəmələr tərəfindən həbs edilib, 18.682 şəxsə xəbərdarlıq edilib.
Hesabat dövründə nazirlikdə 4000-dən artıq vətəndaş qəbul edilib ki, bu da 2009-cu illə müqayisədə 10 faiz çoxdur. Qaldırılan bütün məsələlərin nəzarətə götürülərək əksəriyyətinin yerində müsbət həll olunduğu, nəticələri barədə təşəbbüskarlara yazılı cavabların verildiyi, hüquqlarının izah edildiyi vurğulanıb.
Ramil Usubov bəzən yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlindiyini bildirib. (Trend)
"Yol patrul xidmətinin əməkdaşları tərəfindən bəzən vətəndaşların əsassız olaraq incidilməsi ilə bağlı faktlara rast gəlinir. Bunun qarşısı mütləq alınmalıdır. Bu hallara son qoyulmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin rəhbəri Ramiz Zeynalovun çıxışına münasibət bildirən nazir əlavə edib ki, sürücülər bəzən yol patrul xidmətinin əməkdaşlarının gözü qarşısında yol hərəkət qaydalarını kobud şəkildə pozurlar.
"Amma yol polisləri bu filankəsin qohumudur əsası ilə qanun pozuntularına göz yumurlar. Bu hallara ciddi fikir verilməlidir. Qanun pozuntusu varsa, cəzalandırılmalıdır, pozuntu yoxdursa, vətəndaşlar incidilmələidir.
Ramiz Zeynalov çıxışında qeyd edib ki, il ərzində 965 mindən çox halda yol hərəkəti qaydaları pozulub.
Usubov bildirib ki, il ərzində yol hərəkəti qaydalarının 965 min dəfə pozulması narahatlıq doğurur.
"Bu, bizim aşkar etdiyimiz faktlardır. Bizim aşkar etmədiyimiz faktlar da var. Bu, vətəndaşların qanuna hörmətsizliyindən irəli gəlir", - nazir deyib.
R.Usubov Ramiz Zeynalova vətəndaşlarla bu sahədə maarifləndirmə işi aparılmasını və qanun pozuntularının sayının azaldılması ilə bağlı tapşırıqlar verib.
R.Zeynalov çıxışında bildirib ki, ötən il Nəsimi rayon yol polisi əməkdaşları 58 440 qayda pozuntusu, 1 074 sərxoş sürücü aşkar etdiyi halda, Bakının Yasamal, Nərimanov, Səbail, Xətai, Nizami rayonlarında yol polisi əməkdaşları 12 000 belə qayda pozuntusu, 200-dən artıq sərxoş sürücü aşkar edib.
R.Zeynalov onların fəaliyyətini tənqid edib və deyib ki, ötən il bəzi istiqamətlərdə nöqsanların olması yol polisindən şikayət xarakterli müraciətlərin artdığından narahatliq bildirib.
Onun sözlərinə görə, artıb, bəzi yol polis şöbələri qayda pozan sürücüləri yerində cərimə etmək əvəzinə protokollar yazırlar. Bu isə vətəndaşların hüquqlarının pozulması ilə yanaşı, haqlı şikayətlərə səbəb olur.
"Bakının Yasamal, Səbail, Respublikanın Zərdab, Abşeron, Kürdəmir, Astara, Masallı, Ağsu və digər rayon yol polis şöbələri ötən illər ərzində vətəndaşlardan yerində cərimə alma halları az olub", -deyə Zeynalov qeyd edib.
Avtomobillərə texniki baxış zamanı yol verilən nöqsanlardan danışan Zeynalov deyib ki, ötən il yol qəzalarının 51,6 faizi texniki parametrlərə cavab verməyən VAZ markalı avtomobillər tərəfindən törədilib və nəticədə 344 nəfər həlak olub.
Modern.az