Modern.az

Partiyaların xarici səfəri: Sərdar Cəlaloğlu xatırlamır, KXCP rədd edib, “Ədalət” lazımsız sayır

Partiyaların xarici səfəri: Sərdar Cəlaloğlu xatırlamır, KXCP rədd edib, “Ədalət” lazımsız sayır

26 Yanvar 2011, 15:52

Siyasi partiyaların beynəlxalq müstəvidə özlərinə “bab” siyasi qüvvələrlə əlaqələri çox məhduddur.

Siyasi partiyalarının beynəlxalq əlaqələri onun nüfuzuna təsir edən amillərdən sayılır. Azərbaycanda müxalifət liderlərini siyasi oartiyaların rəhbərləri kimi xarici ölkələrə səfərlərini az müşahidə edirik. Ölkəmizdəki bir çox siyasi qüvvələrin beynəlxalq miqyasda özlərinə “bab” siyasi qüvvələrlə əlaqələri çox məhduddur. Əslində qloballaşan bu günkü dünyada siyasətdə uğur ətrafdakı siyasi “çətirin” böyüklüyü ilə birbaşa bağlıdır.

Modern.az siyasi partiyalara “Partiya rəhbəri kimi sonuncu xarici səfəriniz nə zaman olub” sualını ünvanlayıb. Mənzərə o qədər ürəkaçan deyil.

Azərbaycan Xalq Cəbhəsi Partiyası yaxın tarixdə özünün Qərb ölkələrindəki siyasi əlaqələri ilə öyünsə də, bu gün belə görüşlər məhduddur. AXCP sədrinə ölkədən çıxmaq üçün xarici pasportun verilməməsi Əli Kərimlini çətin vəziyyətdə qoyub. Partiya sədri müxtəlif tədbirlərə dəvət alsa da, səfərini reallaşdıra bilmir.

AXCP-dən qopan Klassik Xalq Cəhbəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu bildirib ki, partiya xətti ilə xarici ölkələrə rəsmi səfərləri olmayıb.  “Biz bununla bağlı dəvətləri də qəbul etməmişik. Hazırda da heç bir dövlətlə bu və ya digər əlaqələrimiz yoxdur. Ancaq qeyri-rəsmi səfərlərimiz olur”-deyə o vurğulayıb.

Ana Vətən Partiyasının sədri (AVP) Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın kifayət qədər beynəlxalq əlaqələrə malik olmadığını qeyd edib.
“Azərbaycanın digər partiyaları bu və ya digər səbəblərdən beynəlxalq əlaqələr qura bilməyib. Nisbətən YAP bu baxımdan daha geniş əlaqələrə malikdir”-deyə o qeyd edib.
F.Ağamalı AVP təmsilçilərinin bu yaxınlarda  Kambocanın Pnompen şəhərində keçirilən Asiya ölkələri siyasi partiyalarının VI beynəlxalq konfransında iştirak etdiyini bildirib və tədbirin əhəmiyyətindən danışıb.
Bu tipli tədbirlərə xüsusi önəm verdiklərini deyən AVP sədri qeyd edib ki, Azərbaycanın taleyüklü məsələlərinin həllində və o cümlədən işğal olunmuş torpaqların geri qaytarılması üçün bütün imkanlardan istifadə edilməlidir.
“Kambocada keçirilən tədbirdə Ermənistanın işğalçılıq mövqeyini və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışdıq. Bu baxımdan bütün siyasi partiyalar belə tədbirlərə önəm verməlidir”-deyə F.Ağamalı qeyd edib.

Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu rəsmi səfərdə nə zaman olduğunu xatırlamayıb. “Xarici ölkələrdən bizə rəsmi səfərlərlə bağlı təkliflər daxil olmayıb və açığı sonuncu dəfə hansı ölkəyə dəvət olunduğumu belə yaddan çıxarmışam”-deyə o vurğulayıb.
S.Cəlaloğlu partiya xətti ilə rəsmi səfərlərin olmamasının səbəblərini belə izah edib:
“Bu müxalifətin Azərbaycanda demokratiyaya beynəlxalq inamının olmaması və qlobal maliyyə böhranı ilə bağlı məsələlərdir. Hətta bu kimi səbəblər nəticəsində Amerika və digər dövlətlər tərəfindən beynəlxalq tədbirlərə vəsaitlər azaldılıb. Mən hesab edirəm ki, iqtisadiyyat siyasətlə sıx bağlı olduğundan maliyyə böhranı siyasi arenada da öz təsirini göstərdi.
Bizim bu kimi tədbirlər keçirməyə maddi imkanımız yoxdur. Həm də nəticədə on minlərlə vəsait sərf edib nəticəsiz qalmağın heç bir mənası da yoxdur. Kuliminasiyasında böyük uğurlar olan səfərlərin əlbəttə xüsusi önəmi var”.
S.Cəlaloğlu bildirib ki, ADP müxalifətin bir hissəsi olaraq müxalifətin ümumi nailiyyətlərində  fəal iştirak edirlər.
“Beynəlxalq əlaqələrimiz az olsa da, mən bunu kafi hesab edirəm, ADP-nin özünü tanıması və inkişaf etməsi baxımından rəsmi səfərlərin böyük rolu var. Mən düşünürəm ki, ölkənin daxilində aparılan işlər xaricdəki işlə paralel aparılarsa, bu daha effektli olar”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov partiya rəhbəri kimi rəsmi səfərdə olmadığını söyləyib. “Deyə bilmərəm xarici səfərlər nə üçün baş tutmayıb. Biz daha çox ölkədaxili münasibətlərə daha çox önəm veririk”.
Bununla bağlı heç bir təklif almadığını deyən İ.İsmayılov partiyanın beynəlxalq əlaqələrə ehtiyacı olmadığını bildirib. “Partiya ölkədaxili üçündür, beynəlxalq aləm üçün deyil ki”-deyə o söyləyib.

Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat katibi Əli Orucov hesab edir ki, beynəlxalq əlaqələr baxımından yerli partiyalar arasında AMİP yeganə partiyadır ki, xairici əlaqələri daha güclüdür. Onun sözlərinə görə, partiya xətti ilə sonuncu rəsmi səfər keçən  keçən il İsveçdə keçirilib.
“Biz həmin səfərdə partiyanın mərkəzi aparatı ilə təmsil olunmuşduq. Həmin səfər ərəfəsində baş nazirdən tutmuş digər rəsmi şəxslərlə də görüşlərimiz oldu. Orda müxtəlif məsələlər ətrafında bir çox müzakirələr apardıq. Bəzi məsələlərlə bağlı razılıq əldə etmişik”.
Ə.Orucov onu da bildirib ki, hər il partiyanın gənclər təşkilatının fəalları İsveçdə keçirilən tədbirlərdə də iştirak edirlər.
Milli İstiqlal Partiyasının xarici əlaqələrini müxalifət və iqtidar partiyalarından üstün hesab edən Ə.Orucov qeyd edib ki, AMİP dünyanın 80-dən çox ölkəsini və 90 siyasi partiyanı üzündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüdür. AMİP həmçinin Avropada ən çox fraksiyası olan Beynəlxalq mühafizəçilər gənclər təşkilatının da üzvüdür.

Müsavat Partiyasının başqanı da xarici görüşlərə dəvəti kifayət qədər olur. Sonuncu dəfə ötən il Almaniyada olan İsa Qəmbər burada partiya xətti bir sıra görüşlər keçirib.

Araşdırmalarımız nəticəsində bəlli oldu ki, digər heç bir siyasi partiya sədrlərinin xaricə səfərləri olmayıb.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu