Bütün dünyada bilinir ki, kolbasa və ya sosislərin hazırlanması standartına görə onun tərkibinə donuz piyi vurulmalıdır. Amma Azərbaycanda bunun əksini iddia edən və “halal” adı ilə kolbasa və ya sosis istehsal edən şirkətlər var.
Azərbaycandakə kolbasa və sosislərin “halal” istehsalı ilə bağlı bir müddət əvvəl Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun mətbuatda çıxışı olub.
R.Həsənov qeyd edib k, “kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır. Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik”.
Belədə “halal” standarından hansı söhbət gedə bilər?
Bunun əksinə isə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova QMİ-nin yalnız iki şirkətin məhsullarına halallıq zəmanəti verdiyini bildirib. “Bunlardan biri Bakı şəhərində fəaliyyət göstərən «SAB», ikincisi isə Gəncə şəhərində fəaliyyət göstərən «Halal Qida» şirkətidir”.
Əgər Qafqaz Müsəlmanları İdarəsinin dediyi kimi “halal” istehsal olunan kolbasa varsa, demək bu standarta uyğun deyil. Bəs onlar “halal” məhsulları istehsal etmək üçün komitədən lisenziya alıblar?
Modern.az olaraq məsələni aydınlaşdırmaq üçün “halal” brendi ilə kolbasa və ya sosis istehsal edən şirkətlərlə əlaqə saxlamağa çalışdıq.
“Zəhmət-Ruzi” MMC-nin “Sab” şirkətinin satış üzrə müdiri Əlişir Cəfərov şirkətdə məhsulların tam halallıqla istehsal olunması üçün reseptura-reseptlərinin, texniki şərtlərinin olduğunu qeyd edib.
“Özüm də dünən Ramiz Həsənovun çıxışına baxmışam və bilmirəm ki, o niyə belə danışıb. Amma məsələ burasındadır ki, o çıxışında bir təşkilatdan başqa digərlərinin “halal” məhsul istehsal etmədiyini bildirib. Ramiz Həsənovun qeyd elədiyi həmin şirkət məhz “Zəhmət-Ruzi MMC-nin “Sab” şirkətidir”.
Halal istehsalla bağlı lisenziyalarının olduğunu deyən Ə.Cəfərov üç ay əvvəl Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin işçilərinin şirkətdə olduğunu bildirib.
“Onlar bizim şirkətdə olublar və bizim bütün reseptura ilə tanışdılar. Komitə işçiləri bilirlər ki, burada məhsullar kəsimindən tutmuş buraxılışına qədər, heç bir donuz piyi vurulmadan halallıqla istehsal olunur”.
Satış müdiri məhsulun hansı meyarlara görə halal sayıldığını da açıqlayıb. “Donuz piyinin vurulmamasından əlavə, heyvanın halal kəsiminə görə də məhsul “halal” adlanır. Yəni biri var kimsə heyvanı qıraqda kəsib gətirsin və sən onun necə heyvan olduğunu, hansı şəraitdə kəsildiyini bilmirsən, bəlkə o heyvan murdar olub. Amma bizdə heyvan gözümüzün qabağında kəsilir və biz bilirik ki, həmin heyvan sağlamdır və kəsim üçün yararlıdır”.
“Sab” şirkətindən əlavə, “halal” məhsullar istehsal etdiyini iddia edən “Hacı Turqay” şirkəti ilə də əlaqə saxlamağa çalışdıq. Lakin onlar suallarımızı cavablandıracaq yetkili şəxsin olmadığını və fevralın 1-dən sonra əlaqə saxlamağımızı bildirdilər.
Aytən ƏLİYEVA