Modern.az

Hüsnü Mübarəkin Azərbaycandakı abidəsi...

Hüsnü Mübarəkin Azərbaycandakı abidəsi...

Ölkə

29 Yanvar 2011, 14:05

Xırdalanda küçələrdən birinə Qəlyubiyyə adı verilib, 9 saylı ərəb təmayüllü orta məktəb isə Misir prezidentinin xanımı Syuzan Mübarəkin adını daşıyır

Misirin paytaxtı Qahirənin mərkəzində gərginlik hökm sürür. Prezident Hüsnü Mübarəkin istefasını tələb edən müxalifət sakitləşmək istəmir. Baxmayaraq ki, ölkədə komendant saatı elan olunub, küçələrə polis və hərbi qüvvələr yerləşdirlib. 30 ildir hakimiyyətdə olan Hüsnü Mübarək yanvarın 28-də hökuməti istefaya göndərib. O, xalqı sakitliyə çağırsa da, xalq onu eşitmək istəmir.
Xarici mətbuatın məlumatına görə, son günlər Misirin bir neçə şəhərində keçirilən etiraz aksiyaları zamanı 20-dəm çox adam həlak olub, yüzlərlə yaralanan, mindən çox həbs olunan var.

Modern.az-ın məlumatına görə, Misirdə xalqın istefaya səslədiyi Hüsnü Mübarəkin Azərbaycanın Xırdalan şəhərində yerləşən abidəsi var. Xırdalanda Misir parkı salınıb və orada Hüsnü Mübarəkə abidə ucaldılıb. Azərbaycan hökuməti bu abidəni  bir neçə il əvvəl Misir-Azərbaycan dostluq əlaqələrinin bariz nümunəsi olaraq ucaldıb.
2007-ci ilin dekabrında istifadəyə verilən parkda Hüsnü Mübarəkin abidəsi ilə yanaşı, həmçinin qədim Misir abidələrinin surətləri ucaldılıb. Qeyd edək ki, bu layihə Abşeron rayonu və Misirin Qalyubiyyə quberniyası administrasiyasının əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi nəzərə alınaraq Abşeronla Misirin Qəlyubiyyə əyaləti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Həmin sənədə görə, tərəflər arasında kənd təsərrüfatı, sənaye, irriqasiya, mədəniyyət, xeyriyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qeyd edilən istiqamətlərdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Abşeron Rayon İcra Hakimiyyətindən onu da bildiriblər ki, dostluq əlaqəsinin simvolu kimi Xırdalan şəhərindəki küçələrin birinə Qəlyubiyyə adı da verilib.

Modern.az-ın məlumatına görə, 2008-ci ilin sentyabrında ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının 1-ci xanımı Syuzan Mübarək Abşeron rayonunda olub. Misirin birinci xanımı o zaman Misir - Azərbaycan Dostluğu Parkında gəzib, eləcə də Syuzan Mübarək adına 9 saylı ərəb təmayüllü orta təhsil məktəblə tanış olub.
Syuzan Mübarək adına 9 saylı ərəb təmayüllü orta məktəbdə 2 min şagird təhsil alır, 190-dan çox müəllim çalışır. Məktəbdə birinci siniflərdə ərəb dili tədris olunur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu