Sınaq imtahanlarına yazılışıla bağlı aparılmış təhlillər göstərir ki, 2011-ci il aprelin 3-də keçiriləcək imtahana 139 abituriyent valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
“Bununla əlaqədar olaraq bildiririk ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar.
İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirilməsi qəti qadağandır!”-deyə TQDK-dan bildirilib.
Komissiya 2011-ci il aprelin 3-də və 10-da növbəti sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu imtahanlarda yeni – 2 nömrəli test kitabçalarından istifadə olunacaq. Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər martın 15-dən Komissiyanın internet saytının müvafiq səhifəsinə www.tqdk.gov.az/sinaq daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlar. Həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstərilib.
Ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən (Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17), TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə edə bilərlər. Abituriyentlər ödəmə kartlarını elektron formada da əldə edə bilərlər. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər.
Modern.az