Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin katibliyinin rəhbəri Uiriş Bohner Azərbaycanın yerli özünüidarəetmə orqanları ilə bağlı məsələ barədə danışarkən maraqlı açıqlama verib.
U.Bohner Bakı rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılmasına tərəfdar olduqlarını bildirib: “Cənubi Qafqazda bu istiqamətdə ilk uğurlu addım Gürcüstanda atılıb. Tiflis meri seçkilər yolu ilə seçilir. Ermənistanda da bu istiqamətdə işlər gedir. Azərbaycanda isə bu sahədə bəzi tərəddüdlər hiss edirəm”.
U.Bohner konqresin hazırda Azərbaycanla bağlı hər hansı hesabat və ya sənəd hazırlamadığını bildirib.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvi Tahir Rzayev Modern.az-a açıqlamasında bununla bağlı mövqeyini açıqlayıb. Millət vəkili bildirib ki, qaldırılan məsələ yeni deyil.
“1999-cu ildən etibarən Avropa Şurasının ekspertləri bu təkliflə çıxış edirlər. Onlar
Azərbaycanda məsələnin bu şəkildə həll olunmasını istəyirlər. Ancaq onlar Azərbaycan gerçəkliklərini bilmirlər. Bu gerçəklik ondan ibarətdir ki, Azərbaycanda bələdiyyələr o qədər də güclü deyil. Bələdiyyələrin kompleks şəkildə meriya yaratması və Bakını idarə etməsi üçün o qədər maliyyə imkanları yoxdur”.
Deputat qeyd edib ki, bu məsələ ola bilsin 5-10 ilə həllini tapsın.
“Hələlik bu məsələnin gündəmə gətirilməsinə lüzum görmürəm. Bu hələki gerçəklik, reallıq deyil. Amma təbii ki, biz də bunun tərəfdarıyıq ki, Bakıda nə vaxtsa meriya olacaq”-deyə millət vəkili vurğulayıb.
Xatırladaq ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş üzrə Mərkəzindən mediaya açıqlamasında Bakı meriyası ilə bağlı müvafiq qanun layihəsi üzərində işlər getdiyi bildirilib.
Modern.az