Azərbaycanın İstanbuldakı konsulluğunun rəsmi internet saytında yerləşdirilmiş “31 Mart 1918. Azərbaycanlıların Soyqırım Günü” yazısında ciddi yanlışlığa yol verilib.
Konsulluğun mətbuat xidməti adından yayılan həmin yazıda 31 mart qırğını Daşnaksütun Partiyası ilə Müsavat Partiyasının hesablaşması kimi qələmə verilib.
Halbuki, tarixdən də məlumdur ki, ötən əsrin əvvələrində baş vermiş 31 mart hadisələri zamanı silahlı ermənilər silahsız azərbaycanlıları qətlə yetiriblər. Həmin hadisələr zamanı Müsavat Partiyasının silahlı qüvvələri olmayıb ki, erməni daşnakları vuruşsun.
Konsulluğun yazısında soyqırımın mahiyyəti təhrif edilməklə qətlə yetirilən azərbaycanlıların sayının 3 min olduğu göstərilib. Halbuki, biz illərdir dünyanı inandırmağa çalışırıq ki, ermənilər mart qırğınlarında 50 mindən çox dinc azərbaycanlını qətlə yetiriblər.
Bu başabəla yazı barədə ilk dəfə “Mediaforum”a açıqlama verən Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib ki, konsulluğun məqaləsində qaynaq kimi ya amerikalı müəlliflər, ya da həmin illərdə ABŞ-da çap edilmiş qəzet məqalələri göstərilib.
“Azərbaycanda sıravi vətəndaş da bilir ki, Osmanlı Türkiyəsindən ən böyük erməni köçü ABŞ-a yönəlib. Amerikalı müəlliflərin və qəzetlərin böyük əksəriyyəti isə olayları daha çox ermənilərin sözlərinə istinadla qələmə alıblar. Bununla da azərbaycanlı diplomatlar saytdakı yazı ilə bilərəkdən və ya bilməyərəkdən erməni təbliğatının alətinə çevriliblər”-deyə E.Şahinoğlu bildirib.
Modern.az saytının əməkdaşı məsələ ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Həsən Zeynalovla əlaqə saxlayaraq tariximizi təhrif edən “yazı”ya aydınlıq gətirməsini istəyib.
“Bu gün mətbuatda istinad olunan Baş Konsulluğun saytı əvvəlki tərkib tərəfindən hazırlanıb və yeni diplomatik tərkiblə heç bir əlaqəsi yoxdur. Hazırda saytın yeni versiyasi üzərində iş gedir və yaxın vaxtlarda istifadəyə veriləcək”,- deyə Həsən Zeynalov əməkdaşımıza açıqlamasında bildirib.
Bas konsul qeyd edib ki, süzügedən mətn əvvəlki illərdə hazırlanaraq saytda yerləşdirilib və yeni tərkibin fəaliyyətə başlamasından ötən bir ildən artıqdır ki, həmin sayt fəaliyyət göstərmirdi.
Onun sözlərinə görə, hazırda konsulluğun kadrlarının dəyişdirilməsi prosesi davam etdiyindən və digər texniki səbəblərdən saytın yeni versiyasının hazırlanması prosesi bir qədər uzanıb. Baş konsul saytin yeni versiyasının bir həftə ərzində istifadəyə veriləcəyini bildirib.
Həsən Zeynalov onu da deyib ki, vaxtilə bu mətnin saytda kim tərəfindən yerləşdirilmısilə bağlı araşdırılma aparılması və ölçü götürülməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edəcək.
Xatırladaq ki, Həsən Zeynalovdan əvvəl Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran olub.
Modern.az