“Azərbaycanın hava məkanını pozan istənilən təyyarə vurulmalıdır. Onun içərisində kimin olması əhəmiyyətli deyil”.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Ermənistan prezidenti Serj Sərkisyanın İrəvandan Xankəndinə uçacaq təyyarədə ilk sərnişinin məhz özünün olacağı barədə səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
O, Modern.az saytına açıqlamasında bildirib ki, Ermənistan prezidenti bu çıxışı ilə açıq-aşkar Azərbaycana meydan oxuyur: “Bu, bütün döyüşçülərin fikridir. Qeyd edim ki, bundan öncə Azərbaycan tərəfi rəsmi şəkildə bildirib ki, belə bir şey olarsa, həmin təyyarə vurulacaq. Serj Sərkisyanın “həmin təyyarənin ilk sərnişini özüm olacağam” deməsi Azərbaycana meydan oxumaq deməkdir. Buna görə də, biz təklif edirik ki, belə bir qanunsuz reys açılsa, mütləq həmin təyyarə vurulmalıdır”.
F.Rzaquliyev bununla bağlı bir sıra təkliflər irəli sürərək bildirib ki, keçmiş döyüşçülər qanunu pozan istənilə təyyarəni vurmağa qadirdilər: “Bizim keçmiş döyüşçülərimiz arasında xeyli sayda mütəxəssislər var ki, onlara icazə verilsə və silahla təmin olunsalar Sərkisyan olmur, kim olur olsun, onlar həmin təyyarəni vurmağa hazırdırlar.
Mən bir daha qeyd edirəm ki, biz heç bir beynəlxalq qanunu pozmuruq, belə bir niyyətimiz də yoxdur. Əgər Sərkisyan, bir düşmən ölkənin prezidenti Azərbaycanın hava məkanını pozacaq bir təyyarədə ilk sərnişinin olacağını deyirsə, deməli o, beynəlxalq qanunları pozur. Bir daha deyirəm, bu reys həyata keçərsə, biz israrla onun vurulmasını tələb edirik”.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan keçirdiyi mətbuat konfransında bildirib ki, o, Azərbaycanın Xankəndi şəhərində inşa edilən hava limanına ilk təyyarə reysinin ilk sərnişini olmaq arzusundadır.
Rəsmi Bakı isə bəyan edib ki, Azərbaycan qanunvericiliyinə əsasən ölkənin işğal altında olan əraziləri üzərində hava sahəsi uçuşlar üçün qapalı zona sayılır. Azərbaycan bununla bağlı öz mövqeyini artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatına çatdırıb.
Anar RÜSTƏMOV