İndi siyasətdən kənar qaçan AMİP liderinin adı milli azadlıq hərəkatının tarixindən qırmızı xətlə keçir
Modern.az saytının məlumatına görə, Azərbaycan siyasətində özünəməxsus iz qoyan Etibar Məmmədov aprelin 2-də 56 yaşını geridə qoydu.
Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olub. Hələ çox kiçik yaşlarından siyasətə marağı olan Etibar Məmmədov 1973-cü ildə Azərbaycan Dölət Unversitetinin tarix fakültəsinə daxil olur. Burada Əbülfəz Elçibəyin tələbəsi olur və bu amil onun siyasi fəaliyyətinə təkan verir. Belə ki, o, Əbülfəz bəyin yaratdığı qruplardan birinə üzv olur və bununla da mübarizə dolu bir həyata qədəm qoyur. Hələ universitetdə təhsil alarkən Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazır və bu yazıya görə universitetdən xaric edilir. Bir çox çətinliklərdən sonra o yenidən universitetə bərpa edilir və 1978-ci ildə bu ali təhsil ocağını bitirir.
Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi alıb.
1986-cı ildə ailə həyatı qurub. 2 oğlu, bir qızı var.
Etibar Məmədovun adı milli azadlıq hərəkatının tarixindən qırmızı xətlə keçir. Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulan E.Məmmədov çox keçmir ki, onun parlaq nümayəndəsinə çevrilir.
1989-cu ildə Azərbaycan SSR Ali Sovetindəki məşhur çıxışından sonra populayar liderə çevrilən E. Məmmədov 1989-cu ildə SSRİ-dəki ən böyük tətillərdən hesab olunan “Bakı tətilləri”nə rəhbərlik edib. Daha sönra Moskvada keçirdiyi mətbuat konfransında 20 yanvarda sovet qoşunlarının Bakıda törətdiyi qanlı qırğını ifşa edərək dünyaya əsl həqiqəti çatdıra bildi.
Azərbaycanın müstəqillyini ilk illərində aktiv siyasi fəaliyyət göstərən E. Məmmədov 1991-ci ildə Ali Sovetin deputatı olaraq prezident Mütəllibovun Milli Müdafiə Şurasının üzvü kimi beynəlxalq danışıqlara məsul şəxs təyin edilir. E.Məmmədovun rəhbərliyi altında nümayəndə heyəti Türkiyədə və Pakistanda aparılan uğurlu danışıqlar nəticəsində Azərbaycanın dövlət müstəqilliyi tanınıb.
E. Məmmədov Azərbaycanda ilk qeydiyyatdan keçən siyasi partiyanın rəhbəri kimi də ölkənin siyasi tarixinə düşüb. Milli İstiqlal Partiyası 90-cı illərdə ölkənin aparıcı siyasi təşkilatlarından olub.
Müstəqil Azərbaycanın ilk parlamentinə deputat seçilən E.Məmmədov Milli Məclisdə fəal deputatlarından olub. 2004-cü ildə AMİP sədrliyindən istefa verən E.Məmmədov hazırda aktiv siyasi həyatdan uzaqlaşıb.
Modern.az