Modern.az

Sabiq deputatlar: onlardan nə xəbər var..?

Sabiq deputatlar: onlardan nə xəbər var..?

9 Aprel 2011, 12:54

Dördüncü çağırış Milli Məclisin fəaliyyətə başlamasından artıq 5 ay keçir. Son parlament seçkisindən sonra deputat mandatı ilə vidalaşan sabiq millət vəkilləri – üçüncü çağırış Milli Məclisin üzvləri olmuş şəxslər indi hansı işlə məşğuldurlar?
Modern.az saytının əməkdaşı 2005-2010-cu illərdə deputat olmuş sabiqləri arayıb-axtarıb, hal-əhval tutub.

Eks-deputat Fərrux Zeynalov bildirib ki, hazırda işsizdir: “Bağ evimdə istirahət edirəm. Çoxdandır heç bir fəaliyyətlə məşğul deyiləm, dincəlirəm. Mənim 50 ildən çox iş stajım var və bu illər ərzində aktiv fəaliyyətdə olduğum üçün ailəmin sosial məsələləri ilə məşğul ola bilməmişəm. Hazırda Bilgəhdə ata yurdunda yaşayıram. Şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur. Tam sağlamam”.
F.Zeynalov qeyd edib ki, deputatlıq fəaliyyətini başa vurduqdan sonra işlə bağlı heç bir təklif almayıb: “Şükürlər olsun ki, siyasi fəaliyyətim dövründə heç bir xətaya yol verməmişəm. Buna baxmayaraq, bu vaxta kimi işsizəm və heç kim mənə işlə bağlı təklif etməyib. Yaddan çıxmışam”.
Eks deputat ölkədə gedən prosesləri yaxından izlədiyini də deyib: “Prezident İlham Əliyevin həyata keçirdiyi anti-korrupsiya tədbirləri çox təqdirəlayiqdir. Arzu edirəm ki, bu mübarizə əsl reallığı ilə həyəta keçsin. Azərbaycan xalqı ən yaxşı yaşamağa haqqı olan xalqıdır, bu baxımdan istəyirəm ki, ölkəmizdə əmin-amanlıq olsun”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş üzvi Lalə Abbasova deputat fəaliyyətini başa vurduqdan sonra “Qadın və Tərəqqi” İctimai Birliyinin rəhbəri olaraq fəaliyyət göstərdiyini bildirib. Heç bir rəsmi işdə çalışmır.
Eks-deputat qeyd edib ki, o, hazırki Milli Məclisin fəaliyyətini mütəmadi olaraq izləyir və keçmiş həmkarları ilə də daim əlaqə saxlayır:
“Deyə bilərəm ki, deputatlıq fəaliyyətim dövründə, elə indi də parlamentdə mənə ən yaxın olan şəxs Elmira xanım Axundova olub, biz onunla tez-tez əlaqə saxlayırıq. Lakin onu da deyim ki, deputat olduğum dönəmdə bütün həmkarlarımla əlaqələrim normal idi”.
L.Abbasova fürsət düşmüşkən, son zamanlar gənclərin keçirdiyi aksiya ilə bağlı da danışıb: “Hər bir cəmiyyətdə çatışmazlıqlar var. Lakin ötən dövrlərə nəzər salsaq,  görərik ki, ölkəmizdə bolluqdur. Bir çoxları məndən inciməsin. Kim deyirsə Azərbaycanda iş yoxdur, mən bu fikirlə razı deyiləm. İş var, sadəcə, işləmək lazımdır”.

Digər sabiq deputat Aynur Quliyeva əməkdaşımızla söhbətdə bildirib ki, millət vəkilliyinin müddəti başa çatdıqdan sonra konkret hər hansı işlə məşğul olmur: “Demək olar ki, heç harda işləmirəm. Daha çox evdə oluram. Bəzən mətbuatda yazıram. Bundan başqa,  qadınların inkişaf və müdafiəsi ilə bağlı Qadın Konsensus Mərkəzində oluram”.
“Təbii ki, mətbuat vasitəsiylə ölkədə gedən prosesləri, eləcə də yeni parlamentin fəaliyyətini diqqətlə izləyirəm, yeniliklərlə maraqlanıram” deyən A.Quliyeva keçmiş həmkarları ilə hələ də əlaqə saxladığını bildirib. 

Üçüncü çağırış Milli Məclisin danışmayan deputatlarından olmuş Maqsud İbrahimbəyovu da axtarıb tapdıq. Amma Maqsud müəllim deputatlıq fəaliyyəti dövründə olduğu kimi, indi də suallardan yayınaraq danışmaq istəmədi. Sadəcə dedi i, o, heç bir media orqanına danışmır və ümumiyyətlə mətbuat nümayəndələriylə təmasda olmaq istəmir.

Digər sabiqlərin cavabları növbəti günlərdə...




Anar RÜSTƏMOV                                                         

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu