Modern.az

Müsavat Məclisinin sədri: “İndi hakimiyyət buna cavab verməlidir" (MÜSAHİBƏ)

Müsavat Məclisinin sədri: “İndi hakimiyyət buna cavab verməlidir" (MÜSAHİBƏ)

13 Aprel 2011, 11:46

Arzu Səmədbəyli:  "İqtidar özündə güc tapıb islahatlara getməlidir”

Müsavat Məclisinin sədri Arzu Səmədbəylinin Modern.az-a müsahibəsi...

- Müsavat Partiyası hazırda müşahidə olunan siyasi gərginlikdən çıxış yollarını necə görür?

- Müsavat Partiyası siyasi gərginliyi aradan qaldırmaq üçün öz mövqeyini partiyanın qəbul elədiyi qərarlarda ifadə edib. İctimai Palatanın Koordinasiya Şurasının iclasında Müsavat başqanın fikirləri və hakimiyyətə müraciəti və eyni zamanda İctimai Palatanın ssesiyasındakı  çıxışlarında özünü göstərir. Biz ölkədəki gərginliyin və onu yaradan səbəblərinin aradan qalxmasını istəyirik. Fikrimizcə, gərginliyin məsuliyyəti bütövlükdə iqtidarın üzərinə düşür. Yəni bu iqtidar ölkədə sərbəst toplaşmaq hüququ, söz azadlığı, mətbuat azadlığın; məhdudlaşdırıb. İnsanların kütləvi toplaşması, mitinq, küçə yürüyüşü keçirilməsi demək olar ki, yasaqlanıb. Hələ biz ölkədəki son dövrlərdə baş verən, guya, o qarşıdurma adı altında insanların öz haqq və hüquqları uğrunda mübarizəsinin qarşılığında işgəncələri, həbsləri və zorakılıqları bir daha diqqətə çatdırırıq və deyirik ki, o üsullarla insanları susdurmaq olmaz.  

- Maraqlı tendensiya yaranıb. Həm hakimiyyət rəsmiləri, həm müxalifət çıxış yolunu birlikdə müzakirələrdə görür, bunda maraqlı olduqlarını bəyan edirlər. Amma sanki ortada bu sülhün zəncirini əldə etmək olmur. Nə baş verir? Bu nə ilə bağlıdır?

- Mənə elə gəlir ki, müxalifətin bu ortamı yumşaltmaq, bu gərginliyi aradan götürmək üçün istəklərini dilə gətirdim. İndi hakimiyyət tərəfi də buna cavab verməlidir və bildirməlidir ki, o da bu arzudadır. Sözdə o arzuda olduğunu deyir, əməldə isə öz iradəsini diqtə edir, xalqın haqq və hüquqlarını pozur, insanlara öz konstitutsion hüquqlarından istifadə etmək imkanı tanımır. Biz bu cür görürük və bunu doğru olmayan mövqe və Azərbaycanın imicinə həm zərbə kimi qiymətləndiririk.  Çünki bu gərginlik həm də Azərbaycanın üzv olduğu beynəlxalq qurumlar tərəfindən dəyərləndirilir. Yəqin siz ötən müddətdə həm Amerika Dövlət Departamentinin Azərbaycandakı insan hüquqları ilə bağlı son açıqlamalarına, bəyanatına baxmısınız. Həm də ATƏT-in Azərbaycandakı vəziyyətlə bağlı mövqeyi ilə tanışsınız. Eyni zamanda da Avropa Birliyi ölkələrinin də Azərbaycandakı bu vəziyyətlə bağlı iqtidara çağrısı və onun götürdüyü öhdəliklərə əməl eləməsini xatırlatması və tutulanların, işgəncəyə məruz qalanların dərhal azad olmasını tələb etməsi ortadadır.

Bizim istəyimiz budur. Bu Konstitusiyada təsbit olunmuş 49-cu maddə ilə bizim hüququmuzdur. Biz öz hüququmuzdan istifadə etmək istəyirik. Amma bu, hakimiyyətdə bir qrupun mənafeyinə uyğun gəlmir deyə, ölkədə ajiotaj, gərginlik yaradıblar. Bu da nə ölkənin, nə də onların mənafeyinə uyğun deyil. Çünki bu gərginliyin bir ucu hakimiyyətin özünün həm məsuliyyət olaraq üzərindədir, həm də bu gərginliyin artması eyni zamanda insanlarda bir az da aqressivliyin, bir az da hakimiyyətə qarşı o münasibətdəki sərtliyə səbəb olur.

- Arzu bəy Müsavatdakı xarici diplomatik korpusların nümayəndələrilə görüşdən sonra hakimiyyət rəsmiləri və hakim partiya müxalifətin xaricdən idarə olunması barədə ciddi açıqlamalar verirlər.  Bu kimi təbliğatlar sizcə nədən qaynaqlanır? Bunun əsası varmı?

- Bu ittihamların heç bir əsası yoxdur. Sadəcə, hakimiyyətin bəzi qrupları təşviş, çaşqınlıq içərisindədir. Son 20 ildə Azərbaycanda ilk dəfə olaraq bu tərkibdə, 20-dən artıq diplomatın və beynəlxalq qurumun təmsilçilərinin bir müxalifət qərargahında, İctimai Palata rəhbərliyi ilə görüşməsi özü çox yaxşı faktdır. Bu İctimai Palatanın özünün təkcə Azərbaycanın daxilindəki ictimai dəstəyi deyil, eyni zamanda beynəlxalq aləm tərəfindən də qəbul olunmasının bir göstəricisidir. Eyni zamanda beynəlxalq qurumların, demokratik dünyanın müxalifətin istəklərini müdafiə etməsinin bir göstəricisidir. Amma çox xoşagəlməz  hal odur ki, YAP yetkililəri, hakimiyyət nümayəndələrinin verdikləri müsahibələrdə beynəlxalq qurumları hədələmə tendensiyası hiss edilir.

Mənə elə gəlir ki, bu görüşün nəticələrini kompensasiya etməyə çalışan YAP yetkilləri  normal demokratik dildə danışmağı bacarmır. Belə hədə və şantajlar YAP-ın oz imicinə də ziyandır. Biz çox bu cür yekə-yekə danışanların aqibətinin yaxşı olmadığını görmüşük. Yəni xalqın hakimiyyətdə oturan hər hansı bir zümrəsi digər yerdə qalanlara bu cür həqarətlə baxmamalıdır. Sevgi ilə baxmalıdır. Normal münasibətlə baxmalıdır. Onların istəklərinin qarşısında öz münasibətini sivil formada ifadə etməlidir. Eyni zamanda orda oturanlar həm də götürdükləri öhdəlikləri yeyinə yetirməyə borcludur.  
Bütün dünyada, normal ölkələrdə, uzağa getməyək, Gürcüstanda müxalifət istədiyi yerdə, Saakaşvilinin gəlib keçdiyi meydanın qabağında öz konstitutsion hüquqlarından istifadə etmək üçün istəklərini ortaya qoyurlar. Onlara yer verirlər, təhlükəsizlik təmin olunur, sözləri də ifadə edirlər, prezidentlə də görüşürlər. Görüşdə gərginlik də olur, şərtlərini də irəli sürürlər. Bu normal qaydada davam edir. Biz Azərbaycandakı vəziyyətlə bağlı beynəlxalq qurumların hesabatında bu aşağılıq kompleksini nə qədər yaşayacağıq? Niyə gürcülər özünün üstünlük kompleksini yaşayır və artıq özünü Avropa ölkələrindən biri sayır...
Bu gün Gürcüstana gedib-gələnlər bilir, oradakı ölkə əhalisi artıq özünü Avropanın bir hissəsi sayır. Orda Konstitusiyanın uyğun maddələrini, müddəalarını pozmaq ən böyük cinayət sayılır. Həm prezdient, həm hakimiyyət yetkililəri bunu özləri qoruyurlar və insanlar özlərini artıq təhlükəsiz, hakimiyyət nümayəndələrini isə onların hüquqlarının müdafisəcisi qəbul edir. Təbii ki, normalar daxilində öz tənqidlərini də deyir, fikirlərini də deyir. O ölkədə rüşvət yoxdur, demək olar kı yığışdırılıb. Rüşvət alma gürcü xalqının menatalitetinə zidd hal kimi qiymətləndirilir. Ölkəyə girən yerdə beş dildə rüşvət verməmək,  rüşvət təklif etmək barədə xəbərdarlıq yazılıb. Gürcüstan axı uzaq Avropa deyil, qulağımızın dibindədir. Deməli əgər hakimiyyətdə oturan zümrə istəsə, o həm xalqının istəklərini, onun fikrini ifadə edən müxalifətin, demokratik qüvvələrin istəklərini yerinə yetirmək gücü tapar və bunu yerinə yetirər. Eyni zamanda, xalqla bütünləşər və dünyada da o ölkənin normal, demokratik bir ölkə olduğu görünər, həm də beynəlxalq dəstək qazanar.

- Müsavat Partiyasının hazırda hakimiyyətə münasibəti necədir? Siz prezidentin istefasını tələb edirsiniz, yoxsa yeni parlament seçkiləri və digər islahatlar aparılmasını istəyirsiniz?

- Biz bütün məsələlərin dinc, demokratik islahatlar yolu ilə həll olunmasının tərəfdarıyıq. Bizim mövqeyimizə görə, hakimiyyət özündə güc tapıb bu istəklərə cavab verməlidir, islahatlara getməlidir. Əlbəttə bu islahatların hamısının da birdən-birə aparılmasını istəmirik. Biz deyirik ki, ilkin olaraq parlament buraxılmalıdır, normal demokratik parlament seçkisi keçirilməlidir, seçki komissiyaları paritet əsasda bütün tərfləri razı salacaq bir formada formalaşmalıdır.   
Uduzan tərəf qalib gələn tərəfin əlini sıxsın, təbrik etsin və onun nəticəsini qəbul etsin. Bundan sonra digər məsələlər -həm hökümətin formalaşması, həm digər normal demokratik qanunların qəbulunu müəyyən müddətə etmək olar. Həmin müddətdə bu “islahat paketləri” hazırlana bilər. Bunu həm hakimiyyət özü təkbaşına edə bilər, eyni zamanda da bunun üçün islahat komissiyası yaradıla bilər. Bu komisisyaya həm müxalifətin, həm vətəndaş cəmiyyətinin, həm bitərəflərin, digər qurumların nümayəndələri daxil edilə bilər... 
Belə bir addım atılsa, Azərbaycandakı bu gərginlik də aradan qalxacaq. Bu həm də bizim hamımızın, bütövlükdə Azərbaycanın mənafeyinə uyğundur.

Xaqani Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu