Meşələrin azalmasına yanğın yox, insanların torpaqlardan kənd təsərrüfatı ehtiyacları üçün istifadə etməsinin nəticəsində baş verir. Modern.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərin suallarını cavablandırarkən deyib. Nazirin sözlərinə görə, hazırda kənd təsərrüfatında istifadə onunanan ən qiymətli torpaqlar meşələrin altındadır.
“O yerdə ki, dənli bitkilər yetişdirmək olur, orda ağac da yaxşı inkişaf edir. Tarixən 300-500 il əvvəl Azərbaycanda Rusiya höküməti xanların torpaqlarını xəzinəyə götürmüşdü. O torpaqların böyük əksəriyyətində meşə örtüyü salınmışdı. Məhz o meşə örtüyü olan ərazilərdə gəlmə adamların kəndləri salınıb. İndi həmin ərazilərdə meşələr yoxdur, əkin sahələridir. Amma torpaq sahibləri deyir ki, tarixən burda meşələr olub”.
Nazirin sözlərinə görə, meşələrdə baş verən yanğınların 70-80%-i insanların davranışları nəticəsində yaranır. H.Bağırov qeyd edib ki, yanğınların qarşısı qısa müddət ərzində alınır.
“Baş verən yanğınların qarşısı qısa müddət ərzində bir-iki saat ərzində alınır. Nadir hallarda və 1-2 gün yanğınlar davam edə bilər. Biz gözləmirik ki, pirinsip etibarilə nəzarətdən çıxaçaq, fövqalədə vəziyyət olsun”.
Sədaqət SÜLEYMANOVA