Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsində ciddi nöqsanlar aşkarlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində ciddi nöqsanlar aşkarlanıb

13 Aprel 2011, 18:15

Görülmüş tədbirlər nəticəsində İdarədə 38 ştat vahidi ləğv edilib, 124259,7 manat vəsait nağd şəkildə büdcəyə bərpa olunub

Hesablama Palatasının Bakı Şəhəri üzrə Təhsil İdarəsində apardığı audit zamanı bir sıra nöqsanlar aşkar edilib. Bu barədə Hesablama Palatasının Milli Məclisə daxil olmuş hesabatında qeyd edilib.

Modern.az sənədə istinadən bildirir ki, 2006-cı ilin sentyabrından 2010-cu il yanvar ayınadək olan dövrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ayrılan dövlət vəsaitinin proqnozlaşdırılmasının əsaslığı, tərtibi və icrası üzrə audit tədbirləri keçirilib.

Hesabatda görülən tədbirlər nəticəsində auditlə bağlı bir sıra nöqsan və çatışmamazlıqların aşkar edildiyi göstərilib. Belə ki, bəzi hallarda “Azərbaycan Respublikası vahid büdcə təsnifatı”nın tələblərinə əməl edilməyərək xərc maddələri üzrə təyinat dəyişikliyinə yol verilməsi faktları aşkar olub.

Keçmiş Əzizbəyov və Sabunçu rayonlarında yerləşən uşaq bağçaları üzrə ərzaq məhsullarının artıq silinməsi hallarına yol verilməsi, bəzi hallarda məktəbəqədər uşaq müəssisələri arasında ərzaq xərcinin proqnozlaşdırılması prosesində və icra zamanı nəzərdə tutulmuş normalara əməl edilməməsi faktları da aşkar edilib. Bununla yanaşı, qurumun hesabatına qeyd edilib ki, satınalma prosedurları aparan zaman “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam riayət olunmayıb, istilik enerjisinin verilməsi ilə əlaqədar müqavilə bağlanarkən icraçıya istilik enerjisinin müəyyən olunmuş tarif qiymətindən baha olmaqla ödəniş aparılaraq büdcə vəsaitinin səmərəsiz istifadəsinə yol verilib.

Palatanın hesabatında göstərilib ki, Qaradağ-Səbail-Yasamal Xidmət Bölməsində ezamiyyət xərcləri normalarına əməl olunmaması nəticəsində artıq ezamiyyə xərcləri, kütləvi bədən tərbiyəsi və idman tədbirləri  üçün vəsaitlərin xərclənməsi  normalarının müvafiq tələbləri gözləmədiyindən artıq büdcə vəsaiti xərclənib.

Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması nəticəsində bir sıra lisey sinifləri olan ümumtəhsil məktəblərində, körpələr evi və uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə normativdən artıq ştat vahidlərinin saxlanılması, ümumtəhsil məktəblərinə verilmiş kompüterlərə xidmət üçün laborant ştatlarının ayrılması ilə yanaşı, kompüterlərə xidmət üçün əlavə haqq verilməsi, kitabxana müdirlərinin, psixoloqların əmək haqqı üzrə ödəniş dərəcərlərinin artıq müəyyənləşdirilməsi kimi faktların aşkar olunması, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri üçün normadan artıq dərs yükünün tarifləşdirilməsi, müvafiq maddi-texniki baza olmadığı halda 10-cu və 11-ci siniflərdə informatika fənni üzrə praktik məşğələlərin tədrisi zamanı siniflərin yarımqruplara bölünməsi kimi faktlar qurumun hesabatında qeyd olunub.

Hesablama Palatasının hesabatında bunlarla yanaşı, bir sıra mühüm məsələlər də öz əksini tapıb. Qeyd edilib ki, Respublika Həkim Əmək Ekspert Komissiyası tərəfindən əmək qabiliyyətsizliyi hesab edilmiş pedaqoji və texniki işçilər təhsil müəssisələrində işdə saxlanaraq onlara əmək haqqı ilə yanaşı əlilliyə görə əlavə haqq da ödənilib.
Nizami-Nərimanov xidmət bölməsinin mərkəzləşdirilmiş mühasibatlığı tərəfindən xidmət göstərilməsinə baxmayaraq, rayon ərazisində yaradılmış bağça–məktəb-lisey kompleksinin xərclər smetasında baş mühasib və mühasib ştatlarının saxlanması təmin edilib.

Məlumatda göstərilib ki, Nizami rayonunun xəstə uşaqlar xüsusi qrupu olan bəzi məktəbəqədər uşaq müəssisələrində qrup heyətinə daxil olmayan tibb bacısı və musiqi rəbhərinin də əmək haqqı 50,5% artırılıb, yerinə yetirilmiş təmir işləri üzrə vahid tikinti normalarının düzgün tətbiq edilməməsi nəticəsində 2008-2009-cu illərdə təmir işlərinin tam görülmədiyi aşkar edilib.

Auditin nəticələri Palatanın Kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib və auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhəri üzrə Təhsi İdarəsinə müvafiq təqdimat göndərilib.

Audit dövründə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsində 38,5 ştat vahidi ləğv edilib, 124259,7 manat vəsait nağd şəkildə büdcəyə bərpa olunub, 87900 manat məbləğində əlavə iş və xidmətlər görülüb. Bununla yanaşı 6728,3 manat dəyərində inventar və avadanlıqların təhvil verilməsi təmin edilib. 4426,0 manat dəyərində materiallar uçota alınaraq 93742,7 manat məbləğində debitor borc ləğv edilərək 36500,2 manat məbləğində kreditor borcların məbləği azaldılıb və 52271,7 manat məbləğində debitor borc uçota götürülüb.

Auditlə əhatə edilən dövrdə işlərində yol verdikləri nöqsanlara görə 1 nəfərə (məktəbəqədər tərbiyə müəssisələrinin direktoruna) şiddəti töhmət, 22 nəfərə (3 xidmət bölməsinin müdirinə, 1 xidmət bölməsinin iqtisadçısına, 16 orta ümumtəhsil məktəbinin, 1 məktəbəqədər və 1 məktəbdənkənar tərbiyə müəssisəsinin direktoruna) töhmət verilib, 23 nəfərə (2 xidmət bölməsinin müdirinə, 20 orta ümumtəhsil məktəbinin və 1 məktəbdənkənar tərbiyə müəssisəsinin direktoruna) xəbərdarlıq edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu