Modern.az

Təhsil Nazirliyi sınaq imtahanlarının cavablarını açıqladı

Təhsil Nazirliyi sınaq imtahanlarının cavablarını açıqladı

21 Aprel 2011, 10:15

Təhsil Nazirliyi aprelin 17-də ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirdiyi yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Təhsil Nazirliyindən Modern.az saytına məlumatında bildirilib ki, imtahan Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax  rayonlarında keçirilib.
İmtahan nəticələri   //exam.edu.gov.az    saytında yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.

9-cu siniflərdə imtahanlar ana dili və riyaziyyat, 11-ci siniflərdə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.  
Sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az saytının məlumatına görə, Təhsil Nazirliyinin orta məktəblərin 9-cu və 11-ci sinif şagirdləri üçün keçirdiyi mərkəzləşdirilmiş qaydada yoxlama imtahanları yekunlaşıb.

Onu da qeyd edək ki, 2010-2011-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarında respublika üzrə iştirak edən 236710 şagirdin 137523 nəfəri IX,  94417 nəfəri XI sinif, 4770 nəfəri isə texniki peşə liseylərinin şagirdidir.

”Orta məktəblərdə keçirilən sınaq imtahanlarının nəticələrinə elə-belə yanaşmaq olmaz, çünki qiymətlər attestata da təsir göstərəcək”. Bu sözləri Modern.az saytına Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən bildiriblər.
Sınaq imtahanlarından “2” qiyməti alan 11-ci sinif şagirdləri bu barədə ciddi düşünməli və buraxılış imtahanlarına yaxşı hazırlaşmalıdırlar ki, “nailiyyətlərini” təkrarlamasınlar, əks halda attestat ala bilməyəcəklər.
Əgər indiki sınaq imtahanlarından “2” alan şagirdlər yayda buraxılış imtahanlarından yuxarı qiymət alsalar, onların problemləri olmayacaq, yəni attestat ala biləcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur