Modern.az

Qızıl və gümüş medala namizəd şagirdlərin siyahısı hazırlanıb

Qızıl və gümüş medala namizəd şagirdlərin siyahısı hazırlanıb

Ölkə

22 Aprel 2011, 18:56

Cari tədris ilinin sonundan etibarən qızıl və gümüş medala layiq görülən şagirdlərə medalların təqdim olunması prosesi gerçəkləşəcək. Bu siyahıya namizəd olan Bakı məktəbliləri artıq bəllidir.
Modern.az saytının məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qızıl və gümüş medala layiq görülmək üçün namizəd şagirdlərin siyahısı artıq Təhsil Nazirliyinə təqdim edilib.
Şagirdlərin bu medallarla təltifi onların 2010 – 2011 – ci tədris ilinin sonunda mərkəzləşdirilmiş buraxılış imtahanını necə verəcəklərindən asılı olacaq. Əgər son mərhələ hesab olunan mərkəzləşdirilmiş buraxılış imtahanında da şagirdlər yüksək nəticələr əldə etsələr, medallar öz sahiblərinə təqdim ediləcək. 

Beləliklə, Azərbaycanın bütün rayon və şəhər təhsil şöbələrinin 2010-2011-ci dərs ili üzrə tam orta təhsil səviyyəsini uğurla başa vurması gözlənilən, qızıl və ya gümüş medala namizəd şagirdlərin adlı siyahısını Təhsil Nazirliyinə təqdimatı yekunlaşıb. 
Nazirlikdən verilən məlumata görə, bu il ölkə üzrə qızıl və gümüş medala namizədlərin sayı 80 nəfərdir. Bunlardan 40-ı Bakı məktəbliləridir.

Medala ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülüb.

Xatırladaq ki, Azərbaycanda orta məktəbi müvəffəqiyyətlə bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılıb. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Uzun müzakirələrdən sonra 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda bu ənənə bərpa edilib.

Qeyd edək ki, Nazirlər Kabineti ““Təhsildə xüsusi nailiyyətlərə görə” “Qızıl və gümüş medalların təsviri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanacaq. Medalların üz tərəfində Azərbaycanın gerbi, gerbdən yuxarıda “Azərbaycan Respublikası” sözləri simmetrik yerləşdirilməklə həkk olunacaq. Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk ediləcək. Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunacaq. Bürünc metaldan hazırlanmış medalların səthinə qızıl və gümüş suyu çəkiləcək və qırmızı rəngli plastik qutulara qablaşdırılacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər