Modern.az

“Azərbaycanın ümumi ərazisinin 3,6 faizi milli parkların payına düşür” (MÜSAHİBƏ)

“Azərbaycanın ümumi ərazisinin 3,6 faizi milli parkların payına düşür” (MÜSAHİBƏ)

25 Aprel 2011, 13:19


Dünyada neft ən gəlirli sahələrdən hesab edilir. Bir sıra ölkələr məhz neftin hesabına varlanıb və dünyanın inkişaf etmiş ölkələri siyahısına daxil olub. Amma son illər turizm də ən gəlirli sahə kimi önə çıxıb. Hətta bir sıra dünya ölkələri öz büdcələrini məhz turizmdən gələn gəlirlər üzərində qurur.

Azərbaycan da neft sahəsində inkişaf etmiş və büdcəsinin xeyli hissəsini neftdən gələn gəlirlər hesabına formalaşdıran bir ölkədir. Amma neft və qaz ehtiyatları tükənən olduğundan ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün də addımlar atılır. Turizmin inkişafı üçün görülən işləri buna misal göstərmək olar.

Son dövrlər respublikada turizmin yeni yaradılan növü-ekoturizmin inkişafı üçün də müəyyən işlər görülür. Ekoturizm yeni yarandığından bir çoxları bu turizm növü barədə məlumatsızdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamentinin direktor müavini Hikmət Əlizadə bu məsələ ilə Modern.az saytına müsahibə verib.

- Hikmət müəllim, ekoturizm barədə cəmiyyətimizdə o qədər də bilgi yoxdur. Bununla bağlı maarifləndirmə işinə ehtiyac varmı?

- Əvvala onu qeyd edim ki, qanunvericiliyə əsasən, bu məsələ ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Yeganə olarq ekoturizm - bu termin bilavasitə milli parklarla bağlı olduğundan, Ekologiya və Təbii Sərvətlər Nazirlyinin səlahiyətləri çərçivəsindədir. Ekoturzim barədə danışmazdan əvvəl milli parkların nə olduğuna aydınlıq gətirmək istəyirəm. Azərbaycanda 2003-cü ilə kimi milli park olmayıb. Amma qoruqlar, xüsusi mühafizə olunan təbiət əraziləri olub. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin başçılığı ilə Azərbaycanda da bir sıra milli parklar yaradılmağa  başlanılıb. Milli park ilk dəfə ABŞ-da 1896-ci ildə yaranıb. Dünyanın bir sıra ölkələrində,  o cümlədən Avropa ölkələrində müxtəlif milli parklar var. Milli park özlüyündə xüsusi mühafizə olunan təbiət ərazisidir. Azərbaycan Respublikasının da 24 mart 2000-ci il tarixli xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunu var. Həmin qanunda milli parka belə tərif verilir: “Milli park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi,  mühafizə, maarifçilik, elmi-mədəni və digər məqsədlər üçün istifadə olunan, təbiəti mühafizə və elmi təqdidat idarəsi statusuna malik olan ərazilərdir”.
Bu baxımdan qanun 2000-ci ildə qəbul olunsa da, 2003-cü ildə ilk milli parklar yaradılmağa başlanılıb. İlk dəfə 2003-cü ildə akademik Həsən  Əliyev adına Ordubad və Şirvan milli parkları, sonradan isə Ağgöl milli parkı, 2004-cü ildə Hirkan və Altıağac milli parkı, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ və nəhayət 2008-ci ildə Göygöl milli parkı yaradılıb. Qeyd etmək lazımdır ki, mili parkların ərazisi hal-hazırda Azərbaycanın ümumi ərazisinin 3.6 faizi qədərdir. Ümumilikdə isə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 10.3 faizi, yəni 80-90 min hektar civarındadır. Milli parkların digərlərindən fərqi ondadır ki, burada təbiət həm kompleks şəkildə qorunur, həm də turistlərin əraziyə girmələri, təbiət ilə tanış olmaları, estetik zövq almalarına imkan yaradılır. Bu baxımdan biz ekoturizm anlayışına gəlib çıxırıq. Ekoturizm anlayışı təbiətə təsir etməməklə təbiət yerlərinə səyahət, təbiəti mühafizə fəaliyyətinin yerinə yetirilməsi, maarifləndirmə komponentlərini ehtiva edir və bu baxımdan belə fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə zərər gətirmir, əksinə onun mühafizəsinə şərait yaradır. Ekoturizm digər turizmlərdən fərqlidir. Digər turizmdə turist hansısa meşə sahəsinə, qorunmayan sahəyə gedər, orada hansısa bir fəaliyyət göstərər və bu tənzimlənmədiyi üçün təbiətə ziyan dəyə bilər. Amma bu ərazilərin milli park statusu olduğu üçün (milli park statsusu o deməkdir ki, həmin ərazilərdə mühafizə işçiləri, turistər üçün xüsusi marşurutlar, onların dincəlməsi üçün xüsusi yerlər var)  burda həyata keçirələn turizm tənzimlənir. Ekoturizm anlayışı tənzimlənən turizmdir. Bundan təbiətə zərər dəymir, dəyirsə də çox cuzi miqdarda dəyir.   

- Turistlərin milli parklara getməsi, orada dincəlməsi  üçün xüsusi icazə lazımdırmı?

- Ekoturizm – milli park ənənəsi ölkəmizdə çox cavandır, cəmi 7-8 ili əhatə edir. Öncələri Azərbaycanda ekoturizm fəaliyyətini tənzimləyən qanunvericilik bazası yox idi. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2006-cı ildən “Azərbaycan Respublikası milli parklarında ekoturizm fəaliyyətinin təşkili: mövcud problemlər və inkişaf perspektivləri”nə dair milli konsepsiya hazırlandı. Həmin konsepsiyadan çıxış edərək turistlərin milli parklarda mümkün davranış qaydaları, milli park ərazilərindən istifadənin nümunəvi qaydaları, park xidmətlərindən istifadənin hüquqi əsasları və digər təlimatlar hazırlandı və nazirliyin 27 iyun 2006-ci il tarixli 346 saylı əmri ilə təsdiq olundu. Həmin təlimatlarla turistlərin parklara girişi, çıxışı, orada özlərini aparmaları, davranış qaydaları və s. tənmzimlənir.

- Azərbaycanda turizmin bu növünün vəziyyətini necə qiymətləndirmək olar?

- İstənilən turizm növünün inkişafı bilavasitə turist məhsulunun reklamı, təbliğatı ilə çox sıx əlaqədardır. Tutaq ki, bizim hardasa görməli yerimiz, şəhərimiz, qədim abidəmiz var. Əgər biz onun təbliğatını lazımı qədər edə bilmiriksə, təbii ki, o barədə istər yerli, istərsə də xarici  turistin, vətəndaşın məlumatı olmayacaq və həmin  yerə ziyarət edənlər də az olacaq. Bu mənada birinci növbədə marketinq işi qurulmalı, milli parkların çox geniş təbliğatı həyata keçirilməlidir. Biz işimizi bunun  üzərində qurmuşuq. Amma ekoturzim ənənəsi çox cavan olduğundan deyə bilmərik ki, işlər lap 100 fazi təşkil olunub. Biz paralel olaraq həm milli parkların infrasturkturunu təmin edirik, orada turistlər üçün lazımı şərait yaratmaq, yollar, cığırlar işləmək, marşurutlar təşkil etməklə məşğuluq, həm də onun təbliğatını həyata keçiririk. Məsələn, son illər Azərbaycanın cənub istiqamətində yerləşən Şirvan, Hirkan milli parklarına təbliğat işləri nəticəsində çox böyük turist axını gəlir. Məktəblilər, xarici vətəndaşlar - istər ölkədə yaşayan, istərsə xaricdən gələnlər gəlib ziyarət edirlər. Bu o deməkdir ki, həmin milli parklarda nə qorunduğunu biz yetəri qədər çatdıra bilirik. Məsələn, Şirvan milli parkında Avropa məkanının ən böyük ceyran populyasiyası qorunur. Ceyranlar da təxminən 9 min başdır. Bizim təbliğatımız nəticəsində turist yüz və ya min kilometr gəlir ki, o ceyranları təbii şəraitdə gözü ilə görsün. Ancaq biz bunu çatdıra bilməsək, o zaman milli parkda ən nadir növ saxlasaq belə təbii ki, gəliş də olmayacaq. Bu işlərin təşkili gedir, amma daha da intensiv aparılmasına ehtiyac var.

- Bəs, Azərbaycanda ekoturzim inkişafı üçün perspektivlər kifayət qədərdirmi?

- Perspektiv var, çünki Allah Azərbaycana çox gözəl təbiət bəxş edib, 9 iqlim qurşağı, çox nadir endemik növlər, fauna və flora növləri, heyvan, bitki aləmi verib. Yəni Azərbaycan təbiətinə xarici vətəndaşlar (biz öz işimizlə əlaqədar rastlaşırıq) vurulurlar. Çünki Avropa ölkələrinin bir çoxunda, Amerikada çox eyni təbiət ünsürləri mövcuddur, bizdə isə təbiət rəngarəngdir, həddən artıq heyvan və birki növləri var. Bu mənada ekoturizmin inkişafı üçün böyük potensial var. Milli parklar - xüsusi mühafizə olunan təbiət əraziləri ən çox nadir növlərin yayıldığı ərazilərdə təşkil olunur. Biz də onları qoruyuq. Sadəcə olaraq, yaxşı marketinq işi təşkil olunmalıdır, həm də bir az müddət lazımdır. Çünki qısa müddətdə bu turizmin inkişafı çox çətindir. Xarici təcrübə də bunu göstərir.

- Bu sahədə beynalxalq təcrübədən yayarlanırıqmı?

- Əgər Avropadan danışsaq, orda elə ölkələr var ki, milli parka bir milyon və ya daha çox turist gəlir. Biz özümüz də səfərlərdə bunun şahidi oluruq. Bunun nə ilə əlaqədar olduğunu soruşanda isə  ilk növbədə marketinq işini qeyd edirlər. Eyni zamanda ərazidə  yüksək səviyyəli infrastruktur da olmalıdır. Turist milli parkda istədiyi kimi dincələ bilmirsə ikinci dəfə ora gəlməyəcək. Ona görə ərazidə istənilən şərait yaradılmalıdır ki, turist gəlsin, təbiətlə tanış olsun, gəzsin, amma istirahət də edə bilsin. Otellər, onlar üçün yeməkxanalar, qəlyanaltıxanalar olsun. Çünki bunlar birbaşa turist kütləsinə təsir edir. Bunun üçün də böyük maliyyə və vaxt lazımdır. Güman edirəm ki, işlərin gedişi onu göstərir ki, müəyyən vaxtdan sonra Azərbaycan milli parkları ən yüksək səviyyəyə  çatdırılacaq.

- Azərbaycanda ekoturizmə yerli və xarici vətəndaşların marağı nə qədərdir?

- Milli parkların yaranması 7 ili əhatə edir və onlara maraq da yavaş-yavaş yaranır. Bu isə qeyd etdiyim kimi təbliğat, marketinq işi ilə birbaşa bağlıdır. Turistlərin sayı ilbəil çoxalırsa, demək bu işlər təşkil olunduqca daha da artacaq. Xüsusən də xarici vətəndaşların marağı bizimkilərdən daha çoxdur. Biz özümüz milli park rəhbərliyinə bildiririk ki, rayonlardan, kəndlərdən təmənnasız məktəblilərin səfərlərini təşkil etsinlər. Hətta onların xərclərini də öz üzərimizə götürürk ki, məktəblilər gəlsin və onlar da ekoloji şüur formalaşsın. Amma öz təşəbbüsü ilə gələn vətəndaşlarımız da var. Yəni istər xarici, istərsə də yerli turistlərin milli parklara marağı var. Sahə inkişaf etdikcə maraq da çoxalacaq.

- Ekoturizmin inkişaf ilə bağlı yeni layihələr  palanlaşdırılırmı?

- Layihələr birbaşa milli parkla bağlı düşünülür. Yəni milli parkın yaradılması artıq ekoturizm üçün baza rolunu oynayır. Bu dəqiqə Azərbaycanda 8 milli park var, yeni milli parkların yaradılması gündəmdədir. Məsələn, şimal bölgəsində Samur-Yalama milli parkı yaradılması ilə bağlı işlər gedir, gələcəkdə isə nəzərdə tutulur ki,  cənub bölgəsində Qızılağağac milli parkı yaradılsın. Milli parkların sayı artıqca ekoturzim fəaliyyəti də genişlənəcək.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər